Rusiya KİV-nin yaydığı məlumata görə, ötən gecə Rusiyanın Murmansk vilayətinə qar yağıb. Murmansk hidrometeoroloji mərkəzinin xəbərinə görə, arktik siklon Kolsk yarımadasına qar yağışı gətirib. Nəticədə, havanın temperaturu +1 dərəcəyə enib.
Sosial şəbəkə istifadəçiləri qar basmış küçələrin fotoşəkillərini şəbəkədə yerləşdirməklə, bir növ «şimal yayı»na rişğənd ifadə edirlər...
«Murmansk vilayətində atomosfer axınlarının keçməsi, intensiv yağışlar, bəzi yerlərdə sulu qar… gözlənilir. Temperatur əsasən, +1 - +6 dərəcə olacaq» - deyə, sinoptiklər xəbər verirlər.
Vilayət sakinləri isə mənzillərdə soyuqdan əziyyət çəkdiklərini yazırlar. Axı, mərkəzi istilik sistemini çoxdan dayandırıblar. Bəzi rayonlarda isə planlı təmir səbəbilə, isti su yoxdur…
Başqa bir xəbər isə Azərbaycanımıza aiddir. Belə ki, artıq ölkəmizə yay gəlib. Odur ki, bizlərin soyuqdan şikayəti yoxdur…
İsti su məsələsi ilə bağlı da ümidimizi çoxdan kəsmişik - Azərbaycanda mənzillərə isti su ümumiyyətlə, verilmir. Soyuq su isə qrafik üzrə, uzun fasilələrlə verilir - su gələndə, mənzillərdə bayram olur…
Əvəzində, paytaxt Bakının küçələrində maşınsürən idmançılar tozanaq qopardılar!
Sabir demiş, necə kef çəkməli əyyamdır…
Bəs, Murmansk sakinləri ilə bizim əsas fərqimiz nədir? Tapa bilərsinizmi? Özünüzə əziyyət verməyin - fərqimiz ondadır ki, onlar heç olmasa açıq şəkildə şikayətlərini yazırlar, biz isə görünməmiş «utancaqlıq»la, susuruq - sanki kommunal xidmət müəssisələrinin əvəzinə «utanır», hökumətin əvəzinə isə «xəcalət» çəkirik…
Mirzə AĞ
AzPolitika.info


Şərhlər