İyun ayının 23-27-də keçiriləcək Avropa Şurası Parlament Assambleyasının(AŞPA) növbəti sessiyanın Azərbaycan hakimiyyəti üçün gərgin olacağı gözlənilir. Belə ki, iyunun 24-də Azərbaycan prezidenti İlham Əliyevin çıxışı nəzərdə tutulur.
İ.Əliyevin çıxışı zamanı Bakının vaxtilə viza vermədiyi, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə keçmiş məruzəçisi Kristofer Ştrasselin, eləcə də Almaniya, İsveç, Norveç və Hollandiya deputatlarının sualları nəzərdə tutulub. İ.Əliyevə əsasən insan haqları, xüsusən də ölkədəki siyasi məhbuslarla bağlı ciddi sualların qoyulacağı gözlənilir.
Bundan başqa, İ.Əliyevin çıxışı zamanı Avropada yaşayan bir qrup mühacirin də AŞPA-nın binası qarşısında piket keçirəcəyi yayılan məlumatlar sırasındadır. Mühacirlər həm “Mühacirlər haqda” qanuna edilən dəyişiklik, həm də siyasi məhbus probleminə görə İ.Əliyevə etiraz edəcəklər.
“Yeni Müsavat”a daxil olan məlumata görə, sessiyaya bir-iki gün qalmış İ.Əliyevin gözlənilməz əfv fərmanı verəcəyi gözlənilir. Prezidentin əfv siyahısına Avropanın qəti şəkildə azadlığını tələb etdiyi siyasi məhbusların adının salınacağı da verilən məlumatlar sırasındadır. Buna səbəb kimi İ.Əliyevin AŞPA-nın iclasında gərginlik yaşamaq istəməməsi göstərilir. Son günlər bəzi siyasi məhbuslara əfv ərizəsi yazdırılması, bir çoxlarına israrlı cəhdlərin edilməsi də məhz bu səbəbdəndir. Hakimiyyət ərizə olmadan siyasi məhbusları azadlığa buraxmaq istəmir. Eyni zamanda da AŞPA-da ona qarşı yönələcək haqlı sualları indidən zərərsizləşdirməyə çalışır.
Bəzi ekspertlər son əfv fərmanının 28 may ərəfəsində verildiyini xatırladaraq bu yaxın zamanda yeni fərmanın imzalanacağını real hesab etmir. Amma əfv fərmanı prezidentin müstəsna səlahiyyəti olduğundan bunun baş tutacağı da səslənən versiyalardandır.


Şərhlər