«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Luqanskda Ukrayna hərbçiləri tərəfindən əsir götürülmüş Rusiyalı hərbçi Viktor Ageyev özünü «müqavilə əsasında xidmət keçən hərbçi» adlandırıb və tezliklə vətənə qayıtmağa ümid etdiyini bildirib.
Müqavilənin şərtlərinə görə, Ageyev Rostov vilayətinin Novoçerkassk şəhərindəki 65246 saylı hərbi hissədə qulluq etməli imiş. Hərbi hissəyə martda gəlib, orada cəmi 4 gün olub. Sonra onu Luqansk vilayətinə göndəriblər.
Əsir götürülmüş hərbçi bütün bunları Ukraynanın «TSN» telekanalına danışıb.
Ageyevin sözlərinə görə, o, özü «qardaş respublika»ya kömək etmək məqsədilə Luqanska göndərilməsini xahiş edib. Digər Rusiyalı həbçilərin də bu sxem üzrə Donbasa göndərilib-göndərilmədiyini bilmir, amma mümkün hesab edir.
Jurnalistin, «Kontraktda Ukrayna barədə söhbət gedirmi?» sualına, Ageyev belə cavab verib: «Mənə elə gəlir ki, yox. O, sadəcə, xidmət haqqında kontraktdır - bir il müddətinə…».
Ageyev hər ay 15 min rubl alıb. Kontraktın şərtinə görə, ona daha 23 min rubl odənməlidir.
Bu arada Ukraynada daha bir rusiyalı hərbçi - polkovnik Valeri Qratov saxlanıb. O, tanınmamış «Dnestryanı Respublika»nın dövlət təhlükəsizliyi nazirinin müavini postuna «yerləşdirilməli» imiş.
Rusiya Müdafiə Nazirliyi polkovnikin saxlanması məsələsini şərh etməyib.


Şərhlər