Bu gün Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Sabirabadda seçicilərlə görüşəcək. Görüş saat 13:00-da Sabirabad rayonunda yerləşən stadionda baş tutacaq. Bundan öncə keçirilən görüşlərdə olduğu kimi bu görüşün də izdihamlı keçəcəyi bildirilir. Qeyd edək ki, ötən gün Cəmil Həsənli Şəki və Ağdaşda seçicilərlə görüşmüşdü. Hakimiyyətin süni maneələr yaratmasına baxmayaraq insanlar görüşdə fəal iştirak etmişdi.
Cəmil Həsənlinin seçki qərargahının üzvü Gözəl Bayramlı bildirdi ki, bu gün keçiriləcək görüş-mitinqdə minlərlə insanın iştirak edəcəyi gözlənilir. “AXCP və Müsavatın yerli təşkilatları mitinqə hazırlığı başa çatdırıblar. Müxtəlif təşviqat materialları, plakatlar hazırlanıb, mitinqə çağırış vərəqələri paylanılıb. Hesab edirəm ki, Sabirabad mitinqi daha izdihamlı və yüksək əhval-ruhiyyədə keçəcək. Müxtəlif süni maneələr yaradılmasa, yaxın rayonlardan da görüşə gəlmək istəyənlər olacaq. Istənilən halda seçicilərlə görüş keçirib, öz fikirlərimizi çatdıracağıq”.


Şərhlər