Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon sakinləri adından «AzPolitika.info»-nun poçtuna bir müraciət daxil olub. Müraciətdə sakinlər «Azəriqaz»ın fəaliyyətindən narazılıq ifadə edirlər. Aktuallığını nəzərə alıb, mətni müvafiq redaktə ilə dərc edirik.
«İyulun 21-də sakinlərə təqdim olunan xəbərdarlıqda bildirilir ki, 2 iş günü ərzində qazın alqı-satqısı üzrə müqavilə bağlanmasa, mənzillərin qazla təchiz edilməsi dayandırılacaq. Bunun üçün sakinlər M.Ə.Rəsulzadə qəsəbəsi, 99 saylı məktəbin yanında yerləşən qaz təchizatı xidməti strukturuna müraciət etməlidirlər. Eyni zamanda, şənbə-bazar günlərinin iş günü olduğu da qeyd olunur…
Bəs, vətəndaş 3 iş günü ərzində iş yerini tərk edə bilməsə (iş yerindən icazə ala bilməsə?) və bu səbəbdən, müqavilə bağlanma bilmirsə, necə olacaq?
Üstəlik, belə qısa müddətdə bütün rayon və ya mikrorayon sakinləri hamılıqla qaz idarəsinə müraciət etsə, uzun və üzücü növbələr yaransa, 1 müqavilənin bağlanmasına vətəndanş neçə saat sərf etməli olar? Ümumiyyətlə, 3 iş günü bu məsələni həll etmək nə qədər realdır?
Hesab edirik ki, yayın bu qızmar günlərində vətəndaşları əziyyətə salmağa dəyməz. Yerli qaz xidməti strukturunun nəzarətçiləri yaşayış yerlərinə gedərək, müvafiq müqavilələri istehlakçılarla bağlaya bilərlər - tələsmədən, hay-küysüz…
Əgər «Azəriqaz» bunu etmək iqtidarında deyilsə, o zaman bu işi «ASAN Xidmət»ə ötürsün - vəziyyəti süni şəkildə mürəkkəbləşdirməsin!
Bir məqamı da nəzərə çatdırmaq istərdik. Yay mövsümündə istirahətə yollanan vətəndaş uzun müddət evində olmaya bilər. O zaman «Azəriqaz» belə mənzillərə (evlərə) qaz verilişini dayandırcaq?
Belə xidmət olmaz, axı!».
AzPolitika.info



Şərhlər