«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, MAQATE elan edib ki, İran İslam Respublikası (İİR) «altılar»la bağlanmış nüvə sazişinin şərtlərinə əməl edir.
Xəbəri «Röyter» agentliyi yayıb.
Avqustun 21-ə olan vəziyyətə İranın zəif saflaşdırılmış uran ehtiyatı 88,4 iloqram təşkil edib ki, bu da nüvə sövdəsi ilə müəyyən olunmuş miqdardan (202,8) əhəmiyyətli dərəcədə aşağıdır.
Həmin uranın saflaşdırma dərəcəsi sazişlə nəzərdə tutulmuş həddi (3,67 faiz) aşmır. İranın əlində olan ağır su ehtiyatı 111 ton təşkil edir ki, bu da maksimal hədd (130 ton) daxilindədir.
İran və «altılar» (Rusiya, Britaniya, Çin, ABŞ, Fransa və Almaniya) 14 iyul 2015-ci ildə İran atomunun tənzimlənməsi istiqamətində saziş əldə edərək, Birgə hərtərəfli fəaliyyət planı qəbul ediblər. 16 yanvar 2017-ci ildə planın həyata keçirilməsinə başlandığı elan olunub.
Bu plan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ), ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən İrana qarşı tətbiq olunmuş sanksiyaların ləğvini nəzərdə tutur. Bunun əvəzində Tehran özünün nüvə fəaliyyətini məhdudlaşdırmaq barədə öhdəlik götürüb və bunu beynəlxalq nəzarətin altına verib.
Özünün seçkiqabağı kompaniyası zamanı, sonra isə ABŞ-n prezidenti postunda Donald Tramp dəfələrlə bu sənədi tənqid edib və bildirib ki, sənəd İrana birtərəfli qaydada üstünlüklər verir.


Şərhlər