«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, öz sərhədində miqrantlara qarşı ucaltdığı divara görə, Macarıstan hökuməti Avropa İttifaqından (Aİ) 400 milyon avro vəsait tələb edir.
Bu məqsədlə Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının (AK) başçısı Jan-Klod Yunkerə məktub göndərib və Macarıstan sərhədində qeyri-leqal miqratlara qarşı ucaldılmış divarın tikintisinin və ona qulluğun xərclərinin kompensasiya olunmasını tələb edib.
Bu barədə məlumatı Macarıstan hökuməti aparatının rəhbəri Yanoş Lazar verib.
Onun sözlərinə görə, divarın tikilməsi və ona qulluq xərcləri 800 milyon avro təşkil edib. Budapeşt AK-dən bu xərclərin yarısının (400 milyon avro) ödənilməsini tələb edir, çünki ölkənin sərhədləri «Avropa İttifaqının rifahı naminə və miqrasiya fəlakətindən qaçmaq» məqsədilə möhkəmləndirilib.
«Əgər biz, Avropa həmrəyliyindən danışırıqsa, o zaman sərhədlərin müdafiəsi məsələsini xatırlamaq və həmrəyliyi təcrübədə nümayiş etdirmək lazımdır. Bununla əlaqədər olaraq, Aİ bizim xərclərimizdə iştirak etməlidir» - deyə, Macarıstanın «MTİ» agentliyi Lazardan sitat gətirir.


Şərhlər