Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bənövşə Süleymanovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Şəkər Məmmədova sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək B.Süleymanovanın 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi vəzifəsində çalışıb. O, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, Aybəniz Xəlilova, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə, 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.
Törətdiyi cinayət əməlinə görə Bənövşə Süleymanovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən B.Süleymanova isə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, vətəndaşlardan aldığı pulları keçmiş həyat yoldaşı Elmar Paşayevə verdiyini deyib.


Şərhlər