Menu

O, arzularına qovuşmadı - Tarixə qovuşmaq üçün isə etdiyi xidmətlər də yetər - Video

24.06.2014, 22:58
O, arzularına qovuşmadı - Tarixə qovuşmaq üçün isə etdiyi xidmətlər də yetər - Video

Azərbaycanın Milli Azadlıq Hərəkatı liderlərindən biri, sabiq prezident Əbülfəz Elçibəyin bu gün ad günüdür.

ANS TV-nin məlumatına görə, Elçibəysevərlər və ailə üzvləri ənənəvi olaraq onun xatirəsini yad etmək üçün bu gün Fəxri Xiyabanda məzarı başına toplaşmışdı.

14 il əvvəli, iyunun bu gününü çox yaxşı xatırlayıram. İşlədiyim qəzet üçün Əbülfəz Elçibəydən müsahibə götürməliyimdim. Bir buket güllə deyilən ünvana - Bilgəhdəki 777 saylı bağ evinə indi haqqın dərgahında olan məhşur fotoqraf Elxan müəllimlə birilkdə getdim. Yolu çətin tapdığımız kimi müsahibə də asan başa gəlmədi. Yalan olmasın, bəlkə də saat yarım qapı arxasında qaldıq. Sonra Əbülfəz bəy əlində həyətdən yığılan qızılgüllərlə qapıda göründü. Tikanları əlimə batmasın, deyə kağızla bərk-bərk sarımışdı. Məni qapıda gözlətdiyi üçün könlümü almaq istəmişdi. Cəmi iki ay sonra mən qızılgül ətirli xatirə başlığı ilə bir yazı yazacaqdım. Amma o vaxta hələ iki ay qalırdı və Əbülfəz bəy həmişəki şux qamaəti ilə qarşımızdaydı. Üz-gözünün şiş olduğunu da biz o vaxt xəstəliyə yozmadıq. Zarafatlaşdıq ki, bəy özünə yaxşı baxır, xeyli kökəlib, amma ANS onun xəstəliyindən xəbər tutmuşdu. Həmin günlərdə həmin bağ evində o, ANS-ə çox da ciddi xəstəliyinin olmadığını bildirmişdi.

Bu Əbülfəz Elçibəyin mətbuata sonuncu müsahibəsi idi. Bir də jurnalistlərin çevrəsində o, müalicə üçün Türküyəyə gedərkən göründü. Onun ciddi xəstəlikdən əziyyət çəkdiyi xəbəri gündəmə bomba kimi düşmüşdü. Əldən düşdüyü isə göz qabağındaydı....

Özü də bilirdi ki, yaxşı olmayacaq. Ona görə də səsi titrəyirdi. İnanmıram ki, bunu ölümdən qorxduğu üçün edirdi. Bu qorxu görməli olduğu işlərin yarımçıq qalmasından idi. Baxmayraq ki, hakimiyyətdə olduğu bir il ərzində o, bir neçə nailiyyətə imza atmışdı, rus qoşunlarının Azərbaycandan çıxarılmasına müvəffəq olmuş, ali məktəblərə qəbulda ilk dəfə test üsulu tətbiq edilmiş, milli valyutamız dövriyyəyə buraxılmış, latın qrafikasına keçilmişdi, amma buna rəğmən Elçibəyi uğursuz prezident kimi qiymətləndirirdilər. O, bu adı nə olursa-olsun, üstündən atmaq istəyirdi.

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy deyirdi ki, mən prezident olacam: “Siz görəcəksiz olacam. Görəcəksiniz ki, Azərbaycan necə idarə olunur”.

O, arzularına qovuşmadı. Haqq dünyasına qovuşdu. Tarixə qovuşmaq üçün isə məncə bu xidmətlər də yetər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol