Menu

EL hərəkatı Cəmil Həsənlinin təbliğatı ilə bağlı növbəti videoçarx yayıb

06.10.2013, 12:18
EL hərəkatı Cəmil Həsənlinin təbliğatı ilə bağlı növbəti videoçarx yayıb

EL hərəkatı Cəmil Həsənlinin təbliğatı ilə bağlı növbəti videoçarx yayıb. Bu haqda “Yeni Müsavat”a EL hərəkatı sədrinin siyasi məsələlər üzrə müavini Zəfər Quliyev xəbər verib. Onun sözlərinə görə, EL hərəkatının Cəmil Həsənlinin təbliğatı ilə bağlı hazırladığı ilk videoçarx da çox bəyənilib: “Reaksiyalardan göründü ki, EL-in ideyası bəyənilib. Bildiyiniz kimi, videoçarxın ideyası Cəmil Həsənlinin milli kimliyindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarını təmsil etməsi idi. İkinci videoçarxın da ən azı birinci qədər effektli olacağını düşünürük”. Bir neçə həftədir mediada, eləcə də sosial şəbəkələrdə El hərəkatının Milli Şuradakı fəaliyyətinin görünməz olması ilə bağlı iradlar səslənir. El hərəkatı sədri Eldar Namazovun media ilə təmaslarını xeyli dərəcədə azaltması, Milli Şuranın İcra Aparatının rəhbəri kimi qurum yaranan zaman göstərdiyi fəallığın artıq müşahidə edilməməsi deyilənlərə sübut kimi təqdim edilir. Zəfər Quliyev isə bu iradlarla razı deyil. Onun sözlərinə görə, EL Milli Şuranın seçkilərdəki vahid namizədinin təbliğatı ilə bağlı ən aktiv şəkildə məşğuldur: “Seçkiyə qədər, seçki günü və seçkidən sonrakı prosesdə nəzərdə tutulan bütün tədbirlərdə fəal iştirak edəcəyik. Seçki Strateji Mərkəzinin oktyabrın 7-də toplantısı olacaq. EL həmin toplantıda da olacaq. Bundan başqa El hərəkatının tanınan üzvləri Cəmil Həsənlinin ictimai vəkilləridir. Məncə, biz bu işin öhdəsindən heç də pis gəlmirik”. Zəfər Quliyevin sözlərinə görə, ən ciddi iş seçki günü görülməlidir. EL hərəkatı bu məsələ ilə bağlı yaxın günlərdə yığıncaq keçirib iş bölgüsünü bir daha təsdiq edəcək: “Biz həm Bakıda, həm də regionlarda Cəmil Həsənlinin Seçki Qərargahının digər üzvləri ilə koordinasiya edilmiş iş quracağıq. Artıq bu məsələ Milli Şura namizədinin Seçki Qərargahı səviyyəsində neçə dəfə müzakirə edilib. Bəllidir ki, bu məsələyə ümumi rəhbərliyi Cəmil Həsənlinin Seçki Qərargahı həyata keçirir. Ümumi qərarlar mərkəzləşmiş formada qəbul olunur. EL hərəkatı bununla bağlı hər hansı müstəqil müzakirələr keçirə bilməz. Üzərimizə hansı vəzifə düşürsə, onu ən yaxşı şəkildə həyata keçirməyə çalışacaq. Səlahiyyətli nümayəndələrimiz seçkini ilk dəqiqəsindən sonadək izləyəcək, qanun pozuntularının olmamasına çalışacaqlar”. EL hərəkatının son toplantısı isə oktyabrın 6-də planlaşdırılıb. Hərəkat 5 oktyabr mitinqi də daxil olmaqla seçkiöncəsi situasiyanın dəyərləndirilməsi üçün müşavirə keçirməyi planlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol