Menu

General Məlikov Dağıstanda hakimiyyət başına gətirilir: Putinin planı nədir?!...

28.09.2017, 23:11
General Məlikov Dağıstanda hakimiyyət başına gətirilir: Putinin planı nədir?!...

Rusiya siyasi ekspertlər qrupunun rəhbəri Konstantin Kalaçev Dağıstan rəhbəri postuna “Rosqvardiya”nın direktorunun birinci müavini, milli qvardiya qoşunlarının komandanı, general-polkovnik Sergey Melikovun əsas namizəd kimi göstərilməsini “Sobesednik”ə şərh edib. Virtualaz.org xəbər verir ki, ekspertin fikrincə general Melikov bütün “filtrlərdən” keçmiş adamdır və lazım olan tələblərə tam cavab verir.

“İndi ən çox müzakirə olunan məsələ odur ki, Məlikov milliyətcə ləzgidir. Doğrudur, yarı ləzgidir, anası rusdur. Dağıstanda isə çoxdan belə praktika formalaşıb ki, hakimiyyət vəzifələrinə avarları təyin edirlər. Bundan əlavə avarlar və ləzgilər arasında qısqanclıq var. Lakin belə görünür ki, bu Orta Əsrlər ənənəsi ilə qurtarmağı qərara alıblar. Adamı işinə, şəxsi, professional keyfiyyətlərinə görə qiymətləndirmək lazımdır, milliyətinə görə yox. Bu təyinat yeni mərhələni simvolizə edir”-Kalaçev deyib.

Ekspertin fikrincə Kreml general Melikovu Dağıstanda qayda, intizam yaratmaq üçün göndərir. Kalaçevin general Melikovun namizədliyində milliyətcə ləzgi olan dağıstanlı oliqarx-milyarder Süleyman Kərimovun rolunun ola biləcəyini düşünmür. “Burada başqa amillər rol oynayıb-patriotik əhval, paqonlar və Rusiya prezidentinin etimadı. Bundan əlavə xüsusi xidmət orqanlarından çıxmış biri respublikanı arxaizmə çəkib aparmayacaq. Dağıstanda hazırda din böyük rol oynayır, lakin görünür respublikanın ikinci Çeçenistana çevrilməsinin qarşısını almaq qərarına gəliblər”-ekspet qeyd edib.

*   *   *10:30

Dağıstan rəhbəri postuna əsas namizəd “Rosqvardiya”nın direktorunun birinci müavini, general Sergey Məlikovdur. Virtualaz.org xəbər verir ki, bunu “Danışır Moskva” radiostansiyasının efirində Qafqaz xalqları Konqresinin həmsədri Ruslan Qurbanov deyib.

Xəbər verildiyi kimi ötən gün Dağıstan rəhbəri Ramazan Abdulatipov istefa ərizəsi yazdığını açıqlayıb. O, hakimiyyətdən getməsini “yaşla” əlaqələndirib. Bildirib ki, prezident Putin onun istefa ərizəsini tezliklə qəbul edəcək.

Qurbanovun bildirdiyinə görə, Ramazan Abdulatipovun istefası çoxdan hazırlanırdı. Və general Məlikovu da neçə ildir onun yerinə hazırlayırdılar. Belə ki, general Şimali Qafqaz federal dairəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub. Həmin vəzifədə Dağıstanla yaxından tanış olmaq və onun problemlərini öyrənmək imkanı əldə edib.

“Kreml məqsədyönlü şəkildə Şimali Qafqaz respublikalarının rəhbərliyinə federal səviyyədə karyera əldə etmiş generalları gətirir”-Qurbanov deyib.

Bəs Dağıstan rəhbərliyinə general Məlikovun gətirilməsi Kremlin hansı planlarından xəbər verir? Virtualaz.org Dağıstandakı situasiyaya bələd olan mənbələrə istinadən bildirir ki, Ramazan Abdulatiov bu respublikada vəziyyəti müsbətə doğru dəyişdirib, xüsusən iqtisadi dirçəlişə nail olub və gənclərin radikal islamçı qruplaşmalara axını azalıb. Lakin Kremldə hesab edirlər ki, Dağıstanda vəziyyəti tam nəzarət altına almaq üçün daha sərt xəttin yürüdülməsinə ehtiyac var. Və bunun üçün Dağıstanda nüfuzu olan Abdulatipov kimi siyasi xadimin “Qafqaz canişini” statusunda generalla əvəzlənməsi məntiqli görünərdi.

General Məlikov milliyətcə ləzgidir, 1965-ci ildə Moskva vilayətində anadan olub. Daxili qoşunlar general-polkovnikidir. Hazırda “Rosqvardiya” direktorunun birinci müavini və eyni zamanda Rusiya Milli Qvardiyası qoşunlarının komandanı vəzifəsini tutur. General Məlikov 2011-ci ildə Şimali Qafqaz üzrə antiterror əməliyyatlarının aparılması üzrə birləşmiş qoşun qruplaşmasının komandanı təyin edilib. 2014-cü ilin mayında isə Putin onu özünün Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi vəzifəsinə keçirib. General 2016-cı ilə qədər bu vəzifəni tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol