Hakimiyyət Milli Şuranın dünənki uğurlu aksiyasını «vurmaq» üçün bu gün «on minlərin» mitinqini keçirir
Azərbaycan hakimiyyətinin kütləvi aksiyalara münasibətinin nə qədər mənfi olduğunu xüsusi izah etməyə ehtiyac yoxdur. Bu da bir sıra səbəblərlə bağlıdı. Bir tərfdən cəmiyyətdə dayaqları, nüfuzları olmadığını bildiklərindən, digər tərəfdən isə ölkədəki ölü sakitliyin davam etməsində maraqlı olduqlarından, YAP hökumətində, onun vəzifəli şəxslərində kütləvi aksiyalara qarşı «allergiya» formalaşıb.
Eyni zamanda belə aksiyalarda çətin suallar qarşısında qala biləcəklərini anlayan iqtidar təmsilçiləri xalqla üzbəüz gəlməkdən çəkinir, açıq meydanlarda vətəndaşların qabağına çıxmağa cəsarət etmirlər. Təsadüfi deyil ki, ölkə başçsı İlham Əliyevin rayonlara səfərlərində, paytaxtadakı açılışlarda belə vətənaşların iştirakına imkan verilmir. Prezidentin qarşısına əsasən idarə müdirləri, məktəb direktorları və məddahlıq edəcəyi şübhə doğurmayan şəxslər çıxarılır.
Seçkiqabağı xalqın narazılığının alovlanmaması üçün rayonlara səfər etmək məcburiyyətində qalan nazirlər, komitə sədrləri də insanlarla yalnız qapalı kabinetlərdə görüşürlər, ölkəni hansı vəziyyətə gətirdiklərini, vətəndaşları nə bəlalara düçar etdilərini eşitmək istəmirlər.
Elə bu səbəbərdən hakimiyyətin apardığı siyasətin dəstəkçisi rolunda çıxış edən YAP rəhbərliyi də xalqın qarşısına çıxa bilmir. Təsadüfi deyil ki, seçki ili olmasına baxmayaraq, YAP nə paytaxtda, nə də regionlarda kütləvi aksiyalar təşkil etdi. Düzdür, YAP-çı deputat Siyavuş Novruzov 1800 görüş keçirdiklərini iddia edib. Ancaq əvvala, vəzifədəki dostları kimi onun da rəqəmləri şişirtdiyi şübhə doğurmur. İkincisi isə icra hakimiyyətləri, nazirliklər tərəfindən təşkil olunan bu görüşlərdə əsasən vəzifəli şəxslərin və zorla gətirilən məktəblilərin itirak etdiyi hər kəsə məlumdur.
Hər halda indiyə qədər nə nəzarətlərində olan televiziyalarda, nə də digər mətbuat oqanlarında YAP rəhbərliyinin konkret tarix elan etməklə xalqı görüşə çağırması faktına rast gəlinməyib. Bu isə görüşlərə insanların könüllü qatılmadığını göstərir.

Qeyd edək ki, İnşaatçılar metrosunun yaxınlığında, müxalifətin mitinqlər keçirdiyi stadionda planlaşdırılan bu görüşə hazırlıqlar artıq bir neçə gündür ki, başlayıb. Hətta ötən müddətdə «AzPolitika.info» saytının oxucuları da redaksiyamıza müraciət edərək oktyabrın 6-da - yəni, bu gün onardan İnşatçılar metrosunun yaxınlığındakı stadionda olmağın tələb edildiyini, ancaq kimin mitinqi olduğunu demədiklərini bildiriblər. Dünənə qədər belə bir mitinqin olacağı barədə heç bir elan verilmədiyindən, ali və orta məktəblərdə, idarə və müəssisələrdə, hətta rayonlarda aparılan hazırlıqların kimin üçün nəzərdə tutulduğu bizə də qaranlıq idi.
Ancaq dünən teledebatda namizədliyini nə üçün verdiyi heç kimə sirr olmayan və savadsız, məntiqsiz fikirlərlə İlham Əliyevə vəkillik funksiyasını yerinə yetirməyə çalışan Zahid Orucun bu gün adıçəkilən məkanda görüş keçirəcəyini bildirməsi məsələni, necə deyərlər, aydınlaşdırdı.
Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müxalifətin aksiyasının bir gün qabağa çəkilməsi də bununla bağlı olub.
Əlbəttə, hakimiyyətin bu hazırlıqları Zahid Oruc üçün gördüyünü iddia etmək gülünc olardı. Qeyd etdiyimiz kimi, artıq xeyli vaxtdır həyata keçrilən hazırlıqların miqyası çox genişdir. Bakıdakı ali və orta mətəblərdən tutmuş, rayonlardakı idarə və müəssisələrə, oliqarxların şirkətlərinə qədər çox sayda quruma bu mitinqə adam çıxarmaq tələbi qoyulub. Bu isə mitinqdə Zahid Orucun deyil, İlham Əliyevin təbliğatının gedəcəyini söyləməyə əsas verir. İstisna deyil ki, Zahid Oruc bu aksiyada, nə qədər gülməli səslənsə də, namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü açıqlasın.
Qeyd edək ki, müvafiq qurumlar tərəfindən aksiyada iştirak edəcək şəxslərin siyahısının da əvvəlcədən tutularaq, Prezident Administasiyasına göndərildiyi bildirilir. Hər halda bəzi idarələrdə işçilərə belə deyilib. İştirak etməyənlər işdən çıxarılmaqla, tələbələr isə ali məktəblərdən qovulmaqla hədələnib. Maraqlıdır, İlham Əliyev üçün belə «zorakı» dəstək aksiyası lazımdırmı?
Əlbəttə, heç şübhəsiz ki, Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin elə həmin meydanda dünənki möhtəşəm mitinqindən sonra hakimiyyətin buna ehtiyacı var.
Murad
AzPolitika.info


Şərhlər