Menu

Azad Rəhimov niyə “İRƏLİ”-nin konfransında iştirak etmədi?- Elnur Aslanov amili...

27.06.2014, 19:21
Azad Rəhimov niyə “İRƏLİ”-nin konfransında iştirak etmədi?- Elnur Aslanov amili...

Bu gün “İRƏLİ” İctimai Birliyinin 4-cü hesabat- seçki konfransı keçirildi. Gənclər təşkilatının hesabat -seçki konfransında bir çox vəzifə sahibləri ilə yanaşı, Gənclər və İdman Naziri Azad Rəhmovun da iştirakı gözlənilirdi. Amma konfransa nazirin nəinki özü, hətta onun müavini İntiqam Babayev də gəlmədi. Konfransın sonuna yaxın yalnız Gənclər və İdman nazirinin digər müavini İsmayıl İsmayılov tədbir iştirakçıları arasında gözə dəydi.

Bəs, Azad Rəhimovun və daim “İRƏLİ”-yə yaxınlığı ilə seçilən nazir müavini İntiqam Babayevin ictimai birliyin hesabat-seçki konfransında iştirak etməməsinin səbəbi nə idi?

Aktual.az-ın əldə etdiyi məlumata görə, nazir və onun gənclər üzrə məsul olan müavini İ. Babayev, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov amilinə görə tədbirə qatılmayıb.

Məlumatda bildirilir ki, Azad Rəhimovla Elnur Aslanovun münasibətləri eyni komandada yer alan yüksək vəzifəli məmur statusundan daha da irəli gedərək yaxın dostluq müstəvisində olub. Elə bu səbəbdən də, vaxtilə Elnur Aslanovun nəzarətində olan “İRƏLİ” ictimai birliyi Gənclər və İdman Nazirliyinin bir çox iri layihələrində əsas pay sahibi olub. Məlumatlı mənbə bildirir ki, Azad Rəhimov dostuna sədaqəti ictimai birliyin konfransında iştirak etməməsi ilə nümayiş etdirdi.

Ümumiyyətlə, vaxtilə dövlət tərəfindən himayə edilən ölkənin gənclər sektoruna nəzarət Elnur Aslanov və onun komandasının əlində cəmləşmişdi.

Bu gün keçirilən hesabat- seçki konfransında təşkilatın yeni sədri seçilən Mirhəsən Seyidov bundan əvvəl Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) sədr müavini vəzifəsində fəaliyyət göstərib.

Mirhəsən Seyidov Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının 2012-ci ildə hesabat-seçki qurultayında sədrliyə namizədliyini irəli sürmüşdü. Amma o zaman hakimiyyətdə təsir rıçaqları güclü olan Elnur Aslanov və komandası Şahin Seyidzadənin sədr seçilməsinə nail oldu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol