Xəbər verildiyi kimi ötən gün Rusiya prezidenti Dağıstan rəhbəri Ramazan Abdulatipovu özünün Xəzər regionu dövlətləri ilə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edib. Bu, yeni təsis edilmiş vəzifədir və Rusiyanın Xəzərdəki hərbi donanmasını durmadan gücləndirdiyi, Mahaçqalada yeni hərbi baza açmağa hazırlaşdığı bir vaxtda təsis edilir. Rusiya prezidentinin Xəzər regionu üzrə xüsusi nümayəndəsi postunun təyin edilməsində məqsəd nədir? Dağıstan rəhbəri vəzifəsindən istefaya göndərilən və nəticədə işsiz qalan Abdulatipovun işlə təmin edilməsi, yoxsa daha uzağa gedən planlar?
Virtualaz.org qeyd edir ki, Ramazan Abdulatiovun Dağıstana rəhbərliyi Kremli qane etməsə də o, hələ də nüfuzlu siyasi xadimdir, Moskvada hörməti var, hərçənd Prezident Administrasiyasında Abdulatipovu xoşlamayan güclü fiqurların olduğuna onun özü da eyham vurmuşdu. Bunu nəzərə alaraq hesab edirdilər ki, Abdulatipov Dağıstan rəhbəri postundan uzaqlaşdırılandan sonra “işsiz qalacaq”, respublikanın bundan əvvəlki rəhbəri Maqomedsalam Maqomedov kimi Moskvaya aparılmayacaq. Lakin gözlənilənin əksinə oldu-Putin Abdulatipov üçün xüsusi vəzifə təsis edib onu mühüm region üzrə öz “canişini” təyin elədi. Bu, təkcə Abdulatipovun işlə təmin edilməsi probleminin həlli üçün təsis edilmiş vəzifə deyil, eyni zamanda Rusiyanın Xəzər regionuna nə dərəcədə böyük əhəmiyyət verdiyini də göstərir.

“Birincisi, resursların, inkişaf mənbələrinin auditini aparmaq lazımdır. İkincisi aydınlaşdırmaq lazımdır ki, bizim qonşularımız nə təklif edir. Xəzəryanı ölkələr arasında regionlararası əməkdaşlığı fəallaşdırmaq lazımdır”-Abdulatipov yeni vəzifəyə təyinatından sonra verdiyi ilk açıqlamada bildirib. Onun sözlərinə göər, Xəzərdə iqtisadi və mədəni baxımdan böyük potensial var. “Bu regionda inteqrasiya proseslərini inkişaf etdirmək lazımdır. Bu, hər şeydən əvvəl Rusiyanın marağındadır, eləcə də digər sahilyanı ölkələrin maraqlarına uyğundur”-o deyib.

Ekspertlər isə hesab edir ki, Abdulatipovun siyasi təcrübəsi və avtoriteti Xəzər regionunun problemlərinin həllində kömək edəcək. “Burada ən mühümü odur ki, Abdulatipovun Xəzər regionu ölkələrinin rəhbərləri ilə yaxın münasibətləri, onların yanında nüfuzu var. Xəzər dünya nəhənglərinin diqqətinin cəmləndiyi strateji rayonlardan birinə çevrildiyi üçün biz başa düşürük ki, Xəzərin inkişafı xüsusi diqqət tələb edir. Hesab edirəm ki, indiki halda prezident tərəfindən ona çox məsuliyyətli iş sahəsi ayrılıb”-Rusiyadakı “Qafqaz” mərkəzinin keçmiş rəhbəri İqor Sopov bildirib.
Siyasi və iqtisadi kommunikasiyalar Agentliyinin direktoru Dmitri Orlov isə deyir ki, Abdulatipov həmişə müxtəlif təsir qrupları ilə ağıllı dialoq apara bilib.“O, müxtəlif elit qruplarla danışa bilən siyasətçidir və Xəzərdə Abdulatipova ehtiyac olacaq, çünki orada çoxlu elit qruplar, müxtəlif dövlətlərin maraqları var”-Sopov bildirib.


Şərhlər