Si Çzinpin öz hakimiyyət mövqeyini möhkəmləndirdiyi, Vladimir Putin isə Rusiyanı dəmir əllə idarə etdiyi bir vaxtda, Qərb dünyası özünün zəif və məhdud imkanlı liderləri və hökumətləri ilə tamamilə başqa bir mənzərə yaradırlar. Biz aşağıda bunları qısa şəkildə təsvir edirik.
- Avropa
Fransada əhəmiyyətli siyasi çəkiyə malik olan Emanuel Makron istisna olmaqla, Avropadakı mənzərə hədsiz məyusedici təsir bağışlayır. Angela Merkel sentyabr seçkilərində öz partiyasının tarixi ərzində ən pis nəticə əldə etdi və indi o, koalisiya hökuməti yaratmaq məqsədiylə olduqca mrəkkəb danışıqlar aparır.
Böyük Britaniyada Tereza Mey iyun ayında keçirilmiş seçkilərin nəticələrinə görə, özünün Mühafizəkarlar Partiyasının parlamentdəki mütləq çoxluğunu itirib. İndi Mey ölkəni Şimali İrlandiya ifrat mühafizəkarlarının köməyi ilə idarə edir və qurduğu koalisiyadakı daxili münaqişlər ucbatından onun mövqeyi hədsiz dərəcədə zəifləyib. Tereza Meyin hakimiyyətdə qalmasının yeganə səbəbi - indiki vəziyyətdə Mühafizəkarlar Partiyasının lider dəyişdirilməsi uğrunda açıq mübarizəyə başlamağın münasib vaxt olmamasını anlamasıdır.
İtaliyada Matteo Renzinin keçən ilin dekabrındakı istefasından sonra, hakimiyyətə hörmətli şəxs, lakin geniş seçici dəstəyindən məhrum və kifayət qədər xarizmaya malik olmayan Paolo Centilioni gəldi.
İspaniyada Mariano Raxoyun parlamentdə az yeri var. Hal-hazırda o, son on ilin ən böyük dövlət böhranı hesab edilən katolik problemi və həmçinin də, partiyasının korrupsiyada ittiham olunması ilə üzləşib.
Hollandiyada isə yeddi aylıq qeyri-müəyyənlikdən sonra yeni hökumət koalisiyası formalaşıb. Bu hökumət siyasi akrobatikanın parlaq nümunəsidir, çünki liberallar və xristian neokonservatorlar bir arabada oturublar. Onlar qarşılıqlı razılığa gəlmək üçün bir sıra idarələrdə iki nazir təyin etməyə başlayıblar.
Avstriyada da hökumətin formalaşdırılması üçün mürəkkəb danışıqlar gedir.
- ABŞ
Atlantikin o biri sahilindəki mənzərəni də ürəkaçıcı saymaq olmaz. İlk baxışdan elə görünür ki, Tramp öz əlində böyük hakimiyyət cəmləşdirib. Onun partiyası hər iki palatada daha çox nümayəndə ilə təmsil olunub. İndiki konfiqurasiyası ilə Ali Məhkəmə ona qarşı düşmən əhval-ruhiyyəsində deyil. Amma hər halda, Tramp öz hərəkələrində sərbəst deyil. Onun prezident postunda əyləşməsindən doqquz ay keçib və o heç bir dəfə də mühüm qərar həyata keçirə bilməyib. Trampa öz ənənəvi xarici tərəfdaşları və əksər beynəlxalq ictimaiyyət nümayəndələri inamsız yanaşırlar (İsrail istisna olmaqla).
- Latın Amerikası
Əgər Latın Amerikasından danışsaq, onda deyə bilərik ki, burada vəziyyət kifayət qədər tutqundur. Yeganə istisna Argentinadakı Maurisio Makrinin mövqeyidir. O, islahatçı təşəbbüslərlə çıxış edərək, parlament seçkilərində möhtəşəm qələbə qazanıb. Qalan ölkələr isə, çox bərbad vəziyyətdədirlər. Regional nəhəng Braziliya bitmək bilməyən siyasi böhrana qərq olub və başdan ayağa korrupsiya girdabına bulaşıb. Braziliya prezidenti Mişel Temerin populyarlıq reytinqi daima 10%-dən aşağı olub. Gələn il Meksikada seçkilər keçiriləcək və indiki prezident Enrike Penye Netonun qalib gəlmək şansı demək olar ki, yoxdur. O artıq çoxdandır ki, topal ördək hesab edilir və siyasi üfüqlərdə yeni layiqli namizədlər isə görünmür.
Kolumbiyada Xuan Manuel Santos da öz prezident müddətini başa vurur. Pedro Pablo Kuçinski Peruda çətinliklərlə üzləşib. Çilidə noyabr ayında nəticəsinin öncədən söylənilməsi müşkül olan seçkilər keçiriləcək.
Sözün geniş mənasında Makron və Makri ilə yanaşı, Qərb dünyasının güclü liderləri kateqoriyasına Kanadadan Trüdonu, Yaponiyadan isə Sindze Abeni daxil etmək olar.
Beləliklə, ümumi yekunda deyə bilərik ki, Qərb dünyasının geniş mənzərəsi kifayət qədər xoşagəlməz təsir bağışlayır. Şübhəsiz ki, iqtisadi düşüş zəfliyin və siyasi pərakəndəliyin ən başlıca səbəblərindən biridir. Gələcəyə baxmaq və indiki vəziyyətin Qərb ölkələrinə nə dərəcədə ziyan vurduğunu görmək çox maraqlı olardı.
Ancaq bütün bunlarla yanaşı, unutmayaq ki, hüquqi dövlətin qurulmasına təkan vermiş Qərb dəyərləri uzun illər ərzində azad fikrə, elmin inkişafına, sahibkarlığa, innovasiyalara və rifahın yüksəlməsinə əlverişli şərait yaradıb.
Hal-hazırda ABŞ və Avropa Birliyinin Ümumi Daxili Məhsulunun cəmi Çininkindən üç dəfə, Rusiyanınkından isə otuz dəfə çoxdur. NATO-nun hərbi büdcəsi Çinin hərbi büdcəsini dörd dəfə üstələyir. Həm də ki, alyansın hərbi imkanları Çinin hərbi imkanlarından xeyli yüksək səviyyədədir.
Bütün gənclik Oksford və ya Harvardda təhsil almağı arzulayır. Kaliforniyadakı Silkon vadisi dünyanın innovasiya mərkəzi, Uol Strit isə dünyanın maliyyə mərkəzidir.
(“El Pais”-İspaniya)


Şərhlər