«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraq Bayca şəhərindən Türkiyə-Suriya sərhədindəki «Fayş-Habur» nəzarət-buraxılış məntəqəsinə (NBM) qədər yeni neft-boru kəməri tikmək niyyətindədir. Nədən ki, terrorçular tərəfindən dağıdılmış mövcud xətti təmir etmək hələlik mümkün deyil. Bu barədə bazar günü İraqın neft nazirliyi xəbər yayıb.
Baycadan NBM-ə qədər olan kəmər mövcud boru kəmərinin bir hissəsidir. Bu kəmərlə İraq nefti Kərkük əyalətindən Türkiyənin Ceyhan limanına çatdırılırdı.
Nazirliyin rəsmi saytı xəbər verir ki, İraqın neft naziri Cabbar əl-Laibi bu layihəhənin həyata keçirilməsi üçün «tikinti-ötürmə-idarəetmə» konsensional sazişi əsasında müvafiq sənədlərin hazırlanmasına göstəriş verib. Şirkətlər yaxın vaxtlarda bu layihədə iştirak etmək üçün dəvət olunacaqlar.
Nazirliyin rəsmi nümayəndəsi Asim Cihadın sözlərinə görə, bu istiqamətdə köhnə boru kəməri «İslam dövləti» terrorçularının hücumları nəticəsində çox bərk zədələr alıb və hazırkı vəziyyət xəttin bərpasına imkan vermir. Onun sözlərinə görə, yeni tikiləcək boru xətti mövcud kəmərin alternativi olacaq.


Şərhlər