RƏHBƏR NÜFUZU, YOXSA XİSLƏTİ?...

Ələmdar Məmmədov, keçmiş prokuror

Rəhbər işçinin nüfuzlu olmaq istəyi təbiidir. Lakin hansı yolla? Bəzi rəhbərlər işçilərini, tabeliyində olanları aşağılamaqla, başqalarının gözündə kiçiltməklə öz böyüklüyünü göstərmək istəyir. Belələri özünü “Dev aynada görürlər”.

Bəziləri isə, işçilərinə dəyər verib, hörmətini artırmaqla öz nüfuzlarını qaldırırlar. Mənə elə gəlir ki, ikinci yol daha düzgündür. Bu məsələ irili-xırdalı idarə, müəssisə daxilində, həm də bütöv bir rayon, hətta nazirlik səviyyəsində təzahür edir. Keçən əsrin 80-ci illərində hansı rayonda hüquq-mühafizə işçiləri nüfuzlu və tutduğu vəzifəyə layiq olublarsa, o rayonda fəsadlar az olub. Lakin təəssüf ki, həmin dövrdə bəzi rayon rəhbərləri hüquq-mühafizə orqanlarını “başı-qapazlı” etməyə çalışırdılar. Onların bu xislətindən milis işçiləri daha çox əziyyət çəkirdilər. Rayon daxili işlər şöbəsinin rəhbər heyəti, hətta sahə müvəkkilləri və əməliyyat işçiləri təssərrüfatlara “təhkim edilir”, onlardan təssərrüfat işlərinin gedişi sorğulanırdı. Bu da cinayətkarlıqla mübarizəyə pis təsir edirdi.

1988-ci ildə Cəlilabad rayonuna təzəcə işə başlayan 1-ci katibin təşəbbüsü ilə rayon prokurorunun köməkçisi N.Şəbiyevə süd zavodunda yoxlamanı keyfiyyətsiz apardığına görə RPK-nin büro qərarı ilə töhmət elan olunmuşdu. Birinci katib bu hərəkəti ilə hər şeyə qadir olduğunu göstərmək istəyirdi. Lakin bu onun böyük səhvi idi. Bu səhvinin acı nəticələrini tezliklə hiss etməli oldu. Bir müddət keçmiş RPK-nin büro qərarı ilə Rayon Daxili İşlər Şöbəsinin fəaliyyətini yoxlamaq üçün 6 nəfərdən ibarət komissiya təşkil edildi. Komissiyanın sədri RPK-nin 3-cü katibi, Azərbaycan dilini bilməyən S.Zayçenko, komissiyanın tərkibinə plenum üzvü, RTS-in çilingəri, ixtisasca aqronom olan Xalq Nəzarət Komitəsinin işçisi və digərləri daxil edilmişdi. Komissiya üzvlərindən yeganə hüquqşünas rayon prokurorunun köməkçisi M.Kazımov idi. Yoxlama komissiyası uzvlərinin raykomdan çıxıb, rayon DİŞ-nə piyada gəlişi şou xarakteri daşıyırdı. Rəis Mətləb Rzayevlə (bu yaxınlarda dünyasını dəyişib. Allah rəhmət eləsin.) qərara gəldik ki, o, Bakıya gedib, nazirlikdə vəziyyəti izah edir, mən isə buradakı yoxlama ilə məşğul oluram. İlin yekununda yanğından mühafizə sahəsində qanunların icrası vəziyyətini yoxlayıb, rayon DİŞ-nin rəisi adına təqdimat yazmışdıq. Köməkçim M.Kazımova tapşırdım ki, həmin təqdimatı cüzi dəyişdirərək, hiss olunmadan arayışa əlavə etsin. İki günlük yoxlama nəticəsində 8 səhifəlik arayış yazıldı. Arayışın çox hissəsini yanğından mühafizə ilə əlaqədar məsələlər təşkil edirdi. Yoxlama komissiyası heç bir tutarlı fakt aşkar edə bilmədi. Ona görə də müzakirə keçirilmədi. Lakin birinci katib hüquq-mühafizə, xüsusi ilə milis işçilərini aşağılamaq istəyindən əl çəkmirdi.

Rayonun bütün rəhbər işçilərinin xidməti maşınında ratsiya quraşdırılmışdı. Bu operativlik baxımından əlverişli olsa da, danışanlar hamısı bir-birini eşidirdi. Birinci katib ratsiyadan da öz nüfuzunu qaldırmaq üçün istifadə edirdi. Tez-tez, daha çox nahar fasilələrində, rəisi axtarırdı. O, cavab verməyəndə növbətçi hissə ilə danışır, yüksək pafos və əda ilə rəisi soruşurdu. Bir dəfə növbətçi zabit rəisin yerini bilmirəm dedikdə, “Sənin vəzifən rəisin yerini bilməkdir. Səni partiyadan çıxardıb, orqandan qovlayacağam” - deyə, milis işçisini təhdid edərkən, mənimlə bir maşında olan milis rəisi Mətləb Rzayev ratsiya ilə “Ə, nə istəyirsən? Özünü kimə göstərirsən? Sənin nə ixtiyarın var ki, mənim işçimi təhqir edirsən?” - deyə, cavab verdi.

Birinci katiblə bu barədə mən də söhbət etmişdim. Hə, hə desə də, imkan düşən kimi, yenə də öz xislətini göstərirdi. Bir dəfə (səhv etmirəmsə 1989-cu ilin may ayı idi) Mətləb Rzayev həyəcanla otağıma gələrək bildirdi ki, Sadıq xidməti silahı da götürüb, katibin üstünə gedib. Rayon DİŞ-nin məsul növbətçisi vəzifəsində işləyən kapitan Sadıq Abdullayev pensiya yaşında idi. Hər dəfə növbətçi hissəyə zəng edəndə özünə məxsus gur səslə hərbi qaydada cavab verərdi. Deyirdilər ki, bir qədər əsəbi adamdır. Lakin münasibətimizdə ona həmişə fərdi qaydada yanaşır, yaşlı və təcrübəli adam olduğuna görə, hörmətini saxlayırdım. O da, digər milis yoldaşları kimi, mənim xətrimi çox istəyirdi (Qabağa gedərək bildirirəm ki, 1992-ci ilin yanvar ayında şöbənin 70 əməkdaşı mənim müdafiəmə qalxaraq, mərkəzi orqanlara və qəzetlərə teleqram və məktub göndərmişdilər). Biz raykomun binasına çatanda artıq gec idi... Sadıq katibin qəbul otağının qapı-pəncərəsini sındırmışdı. Birinci katib ikitaylı qapını içəridən bağlayıb, gizlənmişdi. Sadıq məni görən kimi, səsini bir az da qaldıraraq, "Sən mənim prokurorumun ayaqqabısını silməyə layiq deyilsən. Prokuror sənin..." deyə, qışqırdı. Mən özümü saxlaya bilməyib, Sadığın üzünə ərklə bir sillə vurdum. Onu götürüb şöbəyə, rəisin otağına gətirdik. Rəis nazirliklə danışmaq üçün növbətçi hissəyə düşdü. Sadıqla otaqda tək qaldıq. O, zəif səslə soruşdu:

- Ələmdar müəllim, məni tutacaqsan?

"Səni mən tutmayacağam. Məni də şahid etdin" - deyə, cavab verdim. Sadıq birdən mənə yaxınlaşıb, başını çiynimə qoyub, hönkürdü. Katib məni özümdən çıxartdı. Mənə yekəbaş dedi. Mən də dözə bilmədim. Sonra Sadıq silahını çıxarıb mənə verərkən əlavə etdi:

- Ələmdar müəllim, bilirəm ki, məni tutacaqlar. Ancaq mənim onu öldürmək niyyətim olmayıb. Hüquq- mühafizə işçilərinə bu katib çox əziyyət verib. Sizdən xahişim odur ki, qoymayın mənim balalarıma toxunsunlar.

Cinayət işinin istintaqını Masallı Rayon Prokurorluğunun müstəntiqi apardı. Məhkəmənin hökmü ilə Sadıq Abdullayev 3 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edildi.

Sadıqın bəxti onda gətirmişdi ki, silah hazır vəziyyətdə olsa da, atəş açmamışdı. Birinci katib ifadə vermədi(Ona belə bir fikir aşıladıq ki, Siz statusda olan səxsin hansısa bir müstəntiqin qarşısında oturub ifadə verməsi katib nüfuzuna mənfi təsir edər.). Onu da qeyd etmək lazımdır ki, partiyanın cəmiyyətdə rəhbər rolu zəifləmişdi. Yoxsa Sadıq başqa zamanda, başqa məkanda CM-nin 59-cu maddəsi ilə (Terror aktı) təqsirləndirilə bilərdi.

P.S. Sadıq tutulduqdan 2 ay sonra onun böyük oğlu öz dostu ilə balıq ovuna gedirlər. Qarmağı fırlayarkən ucu dostunun gözünə ilişib, bir gözünü kor etmişdi. Bu hadisə ilə bağlı cinayət işi başlayıb, onun həbs edilməsi ilə əlaqədar çox təzyiqlər olsa da, Mətləblə birləşib Sadıqın oğlunu-əmanətini qoruya bildik...

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar