Türkiyə baş naziri Binəli Yıldırım İngiltərəyə səfəri zamanı baş nazir Tereza Mey ilə apardığı danışıqların nəticəsi haqda danışıb. Avropa.info xəbər verir ki, Yıldırım PKK/PYD/YPG terror təşkilatının BMT-nin təşkilatçılığı ilə keçirilən Cenevrə danışıqlarında iştirakı təqdirdə Türkiyənin qaçqınlarla bağlı müqavilənin qüvvəsini dayandıracağını bildirib. O, Türkiyədə üç milyon suriyalı qaçqının sığındığını, 53 min əcnəbi döyüşçünün Suriya və İraqa daxil olmasının qarşısını aldığını bildirib.
“Minlərlə İŞİD-çini müharibədən kənarda saxladıq. Bu an Türkiyədə 3 milyon yarım qaçqın var. Əgər onlara “Avropa yaxındadır, gedə bilərsiniz” desək, fikirləşə bilirsinizmi bunun nəticələri nə olar? Bu görəcəyimiz bir iş deyil. PKK-nın bizə nə qədər çox baş ağrısı verdiyini bilirsiz. Bu terror təşkilatlarına uzunmüddətli xoş münasibət göstərilərsə, Avropa öz təhlükəsizliyini təhlükəyə atar” – Binəli Yıldırım belə deyib.
Türk baş nazir Avropa Birliyinin keçən il Türkiyə ilə imzaladığı qaçqınların geri qəbulu müqaviləsinin şərtlərini yerinə yetirmədiyini qeyd edərək, müqaviləni “Böyük bir yalan” adlandırıb.


Şərhlər