Azərbaycanda milli ödəniş sistemi yaradılacaq
ANS TV-nin məlumatına gərə, artıq Mərkəzi Bank milli ödəniş sisteminin inkişafı ilə bağlı strategiya hazırlayıb. Sənəddə ən mühüm məsələ milli ödənişlərin krillinq mərkəzinin yaradılması ilə bağlıdır. Bu gün ölkədə plastik kartlarla ödənişlərin əksəriyyəti Visa və Master beynəlxalq ödəmə sistemi üzərindən həyata keçirilir. Bu sistemlərin təyin etdiyi xidmət haqları isə yüksək olduğundan problemlər yaranır. Yəni siz bir bankın müştərisi olduğunuz halda digər bankın bankomatından pul çıxardıqda, sizdən yüksək faiz tutulur. Milli ödəniş sistemi bu xərci azalda bilər.
Ödəniş sistemi üzrə mütəxəssis Fərid İsmayılzadənin sözlərinə görə, pul çəkmə zamanı informasiya mübadiləsi baş verir, onun Visa və Master karta getməsinin qarşısını alır: “Ölkə daxilində qalır. Bu zaman banklar xidmət haqlarını razılaşıb bir rəqəm gətirə bilərlər. Bu isə çox aşağı olur”.
Milli sistemin digər üstünlüyü elektron ödəniş xidməti göstərən şirkətlərin xidmət haqqını aşağı salması ola bilər. Bu isə elektron ödənişlərə insanların marağını artıra bilər. Yerli ödəniş sisteminin yaradılması ölkənin milli təhlüksizliyi baxımından da əhəmiyyətli sayılır.
Məsələn, Ukrayna hadisələri ilə əlaqədar qərb şirkətləri olan Master və Visa Rusiya banklarına xidmət göstərməyi dayandırmışdı. Bu isə bank sektorunu təhlükə ilə üz-üzə qoymuşdu. Milli ödəniş sistemi ölkənin bank sektorunun xaricdən asılılığını azalda bilər.


Şərhlər