Media Hüququ İnstitutuna yeni rəhbər təyin edilə bilər. Təşkilatın eksperti Xalid Ağaliyev “Media forum” saytına deyib ki, nizamnaməyə görə rəhbər uzun müddət vəzifəsini icra etmədikdə İdarə Heyəti yeni rəhbər, ya da rəhbərin səlahiyyətlərini icra edəcək müvəqqəti rəhbər haqda qərar qəbul edir: “Təşkilatın rəhbəri Rəşid Hacılı təxminən 4 aydır ölkədə yoxdur. Altı-yeddi aylıq proqram çərçivəsində xaricdə fəaliyyət göstərir. Proqramın müddəti uzana da bilər. Əgər belə olarsa, artıq yeni rəhbər seçimi gündəmə gələcək.
Bizim sənədlərə görə, rəhbər altı ay yerində olmursa, bundan sonra İdarə Heyəti hər hansı qərar qəbul edə bilər. Yəqin ki, yay aylarında Ələsgər Məmmədli, Zeynal Məmmədli, Ənnağı Hacıbəyli, Qulu Məhərrəmlinin təmsil olunduğu İdarə Heyəti bu haqda qərar verəcək”.
MHİ-yə kimin rəhbər təyin ediləcəyinə gəldikdə, ekspert bildirib ki, bu haqda təsisçilərə məlumat veriləcək və onların məsləhət gördüyü şəxs haqda qərar qəbul ediləcək.
Media Hüququ İnstitutu 2002-ci ildən fəaliyyət göstərir.


Şərhlər