TÜRK ŞAHİNLƏRİNİN “ZEYTUN BUDAĞI”

Prof. Ramazan SİRACOĞLU

Türk Silahlı Qüvvətlərinin Suriya ərazisində təhlükəsizlik zolağının yaradılması əməliyyatına başlaması gözlənilən hərəkat idi. Suriya uzun illər boyu türklərin nəzarəti altında olmuş coğrafi ərazidir. Səlcuqlar (1037-1194) və məmlüklərdən (1250-1517) sonra 1516-cı ildən 1918-ci ilin oktyabr ayının 25-dək (402 il) buranın sahibi Osmanlılar (1299-1923) olmuşlar.

Hal-hazırda, rəsmi qaynaqlara görə, Suriyada yaşayan əhalinin 7%-ni türklər təşkil etməkdədir. Ərəblər onları türkmən adlandırırlar. Suriya türkləri Bayat, Əfşar, Bəydilli, Düyər, Qınıq və Bayındır boylarına mənsubdurlar. Suriya Sultan Səlim Yavuzun (1512-1520) zamanında Mərcidəbik zəfərindən sonra Osmanlı imperiyası ərazisinə ilhaq edilmiş, 1922-1946-cı illərdə Fransanın işğal zonası olmuşdur. 1961-ci ildən müstəqillik əldə etmiş Suriyanın şimal sərhədlərinin xeyli hissəsi PKK-nın (Partiyai Kargərəni Kurdistan- Kürdüstan İşçi Partiyası) silahlı dəstəkçisi olan YPG (Yekineyen Parastina Gel – Xalq Qoruma Birlikləri ) və PYD (Partiya Yekitiya Demokrat – Demokratik Birlik Partiyası) adlanan hərbi-siyasi təşkilatın nəzarəti altındadır. YPG və PYD yetkililəri sözdə müstəqillik uğrunda mübarizə aparmadıqlarını bəyan etsələr də, onların əsl məqsədlərinin PKK-nın İraqın şimalı, Suriyanın şimali-şərqi, İranın şimali-qərbi və Türkiyənin şərqi ilə cənubi-şərqindəki ərazilərdə müstəqil dövlət yatamaq uğrunda başlatdığı hərəkata dəstək olduğu aşkar şəkildə özünü büruzə verir. 2003-cü ildən aktiv fəaliyyətə başlayan YPG və PYD istər Avropadan, istərsə də Amerikadan artıqlaması ilə istənilən yardımı almaqdadır. Pentaqon 2015-2016-cı illərdə İŞİD-i (İraq-Şam İslam Dövləti yaratmaq üçün mücadilə aparan silahlı ərəb millətçiləri) neytrallaşdırmaq və zərərsizləşdirmək üçün YPG-yə hərbi və maliyə yardımını daha da artırmağa başladı. Avropalı təəssübkeşlər də bu məsələdə maddi və mənəvi dəstəklərini heç müzayiqə etmirlər. İŞİD mifi ortadan yox olduqdan sonra YPG bölgədə nüfuz sahibinə çevrilməyə başladı, müxtəlif yollarla Türkiyə ərazisinə keçərək fərdi və kiçik mobil qruplar halında fərqli yaşayış məntəqələrində təxribati fəaliyyətlə məşğul olanların sayı artdıqca, türk rəsmiləri bu barədə ABŞ başda olmaqla, NATO üzvlərinə ciddi iradlarını bildirsələr də, hər dəfəsində “narahatlığa əsas yoxdur”, “hər şey nəzarətimizdədir” tipli cavablar verilirdi. 2016-cı ilin 12 avqustunda bilavasitə Pentaqonun dəstəyi ilə Fəratın qərb sahilində yerləşən Menbici ələ keçirən YPG oradan Türkiyənin Reyhanlı-Kilis yaşayış məntəqələrində sürəkli iğtişaşlar törətməyə davam edir. “Vaşinqton post” qəzetinin məlumatına görə, 2017-ci ilin sonunda YPG və PYD Suriyanın fedarallığı daxilində muxtariyyət qazanmaq arzusu ilə Afrin, Kobani və Cəzirə adlı üç vilayət də daxil olmaqla, Rojava adlandırdıqları ərazinin təqribən 25%-nə nəzarət edirdilər.

PKK və YPG strateqlərinin leksikonunda “Rojava” “Qərbi Kürdüstan” anlamına gəlir. Ümumiyyətlə, onların düşüncəsinə görə, Şərqi Kürdüstan - İranda, Qərbi Kürdüstan - Suriyada, Cənubi Kürdüstan - İraqda, Şimali Kürdüstan isə Türkiyədədir. Məqsədləri müxtəlif dövlətlərin ərazisində olan yerləri birləşdirib vahid müstəqil dövlət yaratmaqdır. Qərb strateqləri kürd separatçılarının bu istəyindən daim Türkiyə, İran, Suriya və İraq üçün təhdid ünsürü, separatçıları isə təşviq stimulu kimi istifadə edib öz planlarını həyata keçirməyə çalışırlar. Etnik zəmində konfliktlər hərbi-sənaye kompleksi oliqarxları üçün bitib-tükənməyən gəlir mənbəyidir, biznes sahəsidir. Milli əsasda yeni dövlət yaratmaq istəyi yaxınlaşması heç vaxt mümkün olmayan üfüq xəttidir. Dünyanı nəzarətdə saxlamağa çalışan superdövlətlər yeni dövlətin yaranmasına heç vəchlə müsaidə etməzlər, çünki yaranan hər yeni dövlət başqaları üçün də stimul olar, dünyanın sistemi pozular, xaos yaranar.

ABŞ-ın NATO üzrə müttəfiqi Türkiyənin haqlı iradlarını qulaqardına vurması, onun xəbərdarlıqlarını ciddiyə almaması, YPG və PYD-yə əsassız olaraq hərbi dəstək verməsi rəsmi Akaranın səbr kasasını doldurmuşdu. Xüsusən, Mister Donald Trampın etinasızlığı Türk Silahlı Qüvvələrini hiddətləndirirdi. Vaşinqton Suriyada döyüşmək üçün suriyalı kürd silahlılarına birbaşa hərbi və lojistik dəstək verdi və hər ikisi NATO müttəfiqi olsa da, bu hal Ankaranı qəzəbləndirdi, nəticədə, Vaşinqtonla münasibətləri gərginləşdirdi (Bax: Washington Post, 22.01.2018).

Türkiyə ABŞ və Avropa yetkililərini dəfələrlə xəbərdar etmişdi ki, Türkiyə Suriya ilə sərhəddində “terror dəhlizi”nin yaranmasına əsla müsaidə etməyəcəkdir.

ABŞ Prezidenti D.Tramp sanki türklərin səbrini sınamaq istəyirmiş kimi, Hələbin şimalında hərbi sursat və ləvazimatla təchiz etdiyi, son dönəmlərdə Türkiyəyə qarşı 700-dən çox müxtəlif dərəcəli təxribatlar törətmiş YPG və PYD-ni tərksilah etmək əvəzinə o bölgədə onlardan ibarət 30 minlik ordu mənsubu yaratmaq istədiyini və bunun da Türkiyəyə ancaq xeyir gətirəcəyini bəyan etdi. Guya, qanuniləşəcək o silahlı birliklər Orta Şərqdə terror və təxribatları minimuma endirəcəkdir. Pentaqonun bu bəyanatı rəsmi Ankaranın diplomatik səylərinin üstündən xətt çəkmək, onu açıq-aşkar ciddiyə almamaq deməkdi. Türkiyə Prezidenti R.T.Ərdoğan iqtidar partiyası AKP-nin (Ədalət və İnkişaf Partiyasının) 13 yanvar 2018-ci il Elazığ konfransında - “Afrin'de "teröristler teslim olmazsa orayı başlarına yıkacağız. Münbiç'te bize verilen sözler yerine getirilmezse kendi göbeğimizi keseceğiz. Bir haftaya kalmaz ne yapacağımızı görecekler" - demişdi.

Hərbi gücüylə həddən çox qürrələnən Pentaqon, Türkiyə Respublikasının qəti addım atacağını düşünmədiyi bir anda - 20 yanvar 2018-ci ildə Türk Silahlı Qüvvələrinin öncə aviasiyası, daha sonra Kilisdəki Gülbaba məntəqəsindən quru qoşun birlikləri 2012-ci ildən kürd silahlılarının nəzarətində olan Afrin (əslində, İfrin- عفرین - ; şəhərin içindən axan çaya suriyalı ərəblər Nəhru’l İfrin- İfrin çayı deyirlər) bölgəsinə doğru tərksilah əməliyyatına başladılar.

Anadolu şahinlərinin sürətli və qətiyyətli hərəkəti bütün dünya ictimaiyyətini mat qoydu. Hərəkatdan iki gün sonra, işin ciddi şəkil aldığını görən ABŞ dövlət katibi R.Tillerson açıqlama verərək, məsələyə münasibətdə müəyyən təhrifə yol verildiyini, ABŞ-ın Suriyada yaranacaq kürd anklavını, mühafizə birliklərini Türkiyə ilə bərabər müzakirə əsasında həll edəcəyini bildirsə də, bu açıqlama cəhdi inandırıcı görünmədi.

Türk ordusunun Suriya ərazisində qətiyyətli şəkildə tərksilah əməliyyatına başladığını görən YPG və PYD, əlacsız qalıb əvvəllər müxalif olduğu, devirməyə çalışdığı Bəşər Əsəd iqtidarına Afrin əməliyyatına müdaxilə etməsi üçün müraciət ünvanladılar.

Türk ordusunun Suriyada hərbi əməliyyat aparmasını heç vechlə qəbul etməyən Şam rejimi, Hələbin 63 km. şimalında yerləşən Afrin istiqamətində gedən döyüşlərdə mülki əhaliyə və tikililərə xəsarət yetirildiyini mübaliğəli şəkildə ictimailəşdirməklə məşğuldur.

Suriya rəsmiləri, eyni zamanda türk ordusu ilə bərabər Afrinin tərksilah əməliyyatında iştirak edən, əsasən türkmənlər və ərəblərdən təşkil olunmuş Azad Suriya Ordusunun (ASO) tamamən Türkiyə tərəfindən təchiz olunduğunu iddia edirlər. Onların ehtimalına görə, ASO-nun hərbi sursatları arasında Türkiyə istehsalı olan HYI-12 tipli 120 mm-lik minomyotlar, tank əleyhinə HAR-66 qurğuları, G3 tipli fərdi avtomat silahlar, Zigana-C45 markalı tapançalar, 40 mm-lik RBG6 qumbaraatanlar, xorvat istehsalı olan 128 mm-lik RAK-12 tipli raket-artilleriya platformaları mövcuddur.

Afrin istiqamətində uğurlu hərbi əməliyyatlar keçirən türk ordusu Afrinə doğru irəlilədikcə YPG və PYD yətkililərinin dünya güclərinə ünvanladıqları müraciətlərin də sayı artır. ABŞ və Rusiyadan umduqları müdaxilələr gecikdikcə xahişnamələrdə duyğusallıq da çoxalır. YPG və PYD isə məsələnin əsl mahiyyətini göstərməyərək etnik zəminə yönəltmək və dünya ictimaiyyətinin gözündə öz əməllərinə məsumluq pərdəsi çəkmək istəyir. Halbuki, Türk Silahlı Qüvvələrinin mülki insanlarla, o cümlədən, dinc kürd əhalisi ilə heç bir problemi yoxdur. “Nyu York Tayms” qəzetində “Kürdləri tərk etməyin - Don’t abandon the kurds” başlıqlı yazıda adı çəkilən silahlı birləşmə yetkilisi ABŞ rəsmi dairələrinin Afrin əməliyyatına passiv seyirçi mövqedə qalmamalarını rica edir: “Əgər Birləşmiş Ştatlar həqiqətən də iddia etdiyi kimi, demokratiya uğrunda çıxış edəcəksə, onda Afrinin və Suriyanın kürdlərə aid daha iki bölgəsini qətiyyətlə müdafiə etməlidir”. Mövcud məsələylə azacıq tanış olanlar yaxşı bilirlər ki, YPG və PYD-nin rəhnüması olan PKK-nın 1984-cü ildən bəri Türkiyə ərazisindəki fəaliyyəti nəticəsində ölkəyə çox sayda maddi və mənəvi ziyan dəymiş, minlərlə insan həyatını itirmişdir. “Vaşinqton post” qəzetinin 22 yanvar 2018-ci il sayında dərç olunmuş “Türkiyənin Afrində “Zeytun budağı” əməliyyatı” (“Turkey’s ‘Operation Olive Branch’ in Afrin”) bildirilir ki, PKK-nın 1984-cü ildən gerçəkləşdirdiyi iğtişaşlar nəticəsində 40 minədək insan həlak olmuşdur. 2015-ci ildə sülh prosesi pozuldu və konflikt şəhərlərdə güçlü bomba partlayışları, dağıdıcı küçə döyüşləri ilə yenidən başladı.

Türkləri Afrində tərksilah əməliyyatından çəkindirə bilmədiklərinə görə YPG və PYD indi ABŞ və Rusiyadan bərk incimiş görünür. Daim dövləti maraqlarından çıxış edən Rusiya və ABŞ onların könlünü almaq üçün rəsmi Ankaraya təxminən bir-biriylə səsləşən müraciətdə bulunmuşdur. Moskva, Afrindəki vəziyyətlə əlaqədar olaraq ənənəvi diplomatik qaydada bütün tərəfləri təmkinli olmağa və Suriyanın ərazi bütövlüyünə hörmət etməyə çağırmışdır. Rusiyanın bu soyuqqanlı davranışı separatçıları hiddətləndirmişdir.

Türk əsgərlərinin Afrində həyata keçirdikləri əməliyyatın təsirindən vahiməyə düşmüş YPG və PYD rəsmiləri türklərin aviasiya zərbələrinin Rusiyanın təqdiri ilə gerçəkləşdiyini və buna görə də Afrində mülki insanların həlak olmasına görə onun da məsuliyyət daşığığını bəyan etmişlər.

YPG və PYD-nin ABŞ-a olan ümidi də boşa çıxmışdır, çünki real iş görmək yerinə ABŞ Türkiyənin ən qısa bir zamanda Suriyadan çıxmasını təklif edir. Türkiyə isə, Suriya ilə sərhəd boyu 30 km. dərinliyində demilitarize olunmuş zona yaratmaq, müvəqqəti olaraq Türkiyə ərazisinə pənah gətirmiş 3.5 milyon suriyalının öz vətənlərinə qayıtmasını, Suriya sərhəddindən Türkiyəyə destruktiv qüvvələrin keçməməsinə nail olmaq istəyini əzmlə gerçəkləşdirməkdədir. Əməliyyat başladığı gündən İran da qonşuluqda baş verənləri narahatlıq və diqqətlə izləyir.

Türkiyə Prezidenti R.T.Ərdoğanın Afrindəki əməliyyatları dərhal dayandırmağı tələb edənlərə müraciətlə söylədiyi sözləri İran mətbuatı geniş işıqlandırır: “Bizə “əməliyyatlar qısamüddətli olmalıdır” söyləyənlər özləri 20 il Əfqanıstanda, 18 il də İraqda qaldılar”.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noyertin sözlərini təhlil edən İranın “İsna” agentliyi onun bu fikrinə diqqət yetirmişdir: “Türkiyənin hərəkətləri Birləşmiş Ştatlarla Türkiyənin Suriyada onların ortaq məqsədlərə çatmaq səylərini heçə endirə bilər”.

Afrin Suriyanın zeytunla zəngin olan ən məşhur yeridir. Zeytun budağı həm də Afrinin simvoludur. Türk Ordusu Afrin bölgəsində başladığı tərksilah əməliyyatının kod adınının “Zeytun budağı” adlanması təsadüfi deyil. Hər şeydən öncə, “zeytun” ismi Qurani- Kərimdə və Tövratda dəfələrlə zikr olunan, mübarək sayılan ağacdır. Qurani-Kərimdə 5 surədə (Nur surəsi-35-ci ayə, Ənam surəsi-99 və 141-ci ayələr, Nəhl surəsi- 11-ci ayə, Əbəsə surəsi-29-cu ayə, Tin surəsi-1-ci ayə) zeytun ağacı xatırlanır. Məsələn: كَوْكَبٌدُرِّيٌّيُوقَدُمِنشَجَرَةٍمُّبَارَكَةٍزَيْتُونَةٍ– Mübarək zeytun ağacından yanan dürdən (bir) ulduz…( Nur surəsi, 35-ci ayə).

Tövrata görə, Tufandan sonra göyərçin Nuh peyğəmbərə həyatın ehya olduğunu bildirən zeytun budağı gətirmişdi. Qədim Yunanıstanda və Romada zeytun barış rəmzi sayılırdı. Dimdiyində zeytun budağı təsvir edilən ağ göyərçin (Pablo Pikassonun çəkdiyi şəkil) sülh və həmrəylik tərəfdarlarının 1949-cu ildə keçirilən Ümumdünya konqresinin emblemi olmuşdu; zeytun budağının haşiyəsindəki Yer kürəsi də BMT-nin emblemidir. Zeytun dözümlü və uzunömürlü olmaqla bərabər, həm də bərəkət rəmzidir. Bioloqların müşahidələrinə görə, zeytun ağacı 3 min ilədək yaşaya bilir. İnanmaq istəyirik ki, türk şahinlerinin “Zeytun budağı” bölgəyə qalıcı sülh, əmin-amanlıq, asayiş və bərəkət gətirəcəktir.

“Zeytun budağı”nın Şuşaya gələcəyi günədək ALLAHa əmanət olun, TÜRK ŞAHİNLƏRİ!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar