«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı (SƏ) öz tarixində ilk dəfə hava məkanından xarici şirkətlərin İsrailə uçuşlar etməsinə icazə verib. Bu barədə çərşənbə günü «Haaretz» qəzeti yazıb.
Qəzetin məlumatına görə, Səudiyyə hakimiyyəti «Air İndia» aviadaşıyıcısına «Nyu-Dehli - Təl-Əviv» marşrutu üzrə, krallığın hava məkanından keçməklə, birbaşa reys həyata keçirməyə icazə verib. Bunun nəticəsində, həmin istiqamətdə uçuşun vaxtı 2,5 saat qısalıb.
Qəzet qeyd edir ki, bu icazə Səudiyyə Krallığı ilə İsrail arasında münasibətlərin isinməsinin ilk əyani təsdiqidir. Buna qədər, 70 il ərzində krallığın hava məkanı nəinki İsrailin təyyarələri, həm də yəhudi dövlətinə uçan istənilən digər təyyarələr üçün də bağlı olub.
Hal-hazırda SƏ və İsrail arasında diplomatik münasibətlər qurulmayıb. 2017-ci ilin noyabrında İsrailin energetika naziri Yuval Steynits xəbər verib ki, onun ölkəsi bir çox ərəb ölkələri ilə məxfi təmaslar qurur. Onun sözlərinə görə, bu əlaqələr qismən gizli saxlanır və adətən, məhz qarşı tərəf bu məxfilikdə maraqlı olur.
O zaman «Elaph» ərəb qəzetinə verdiyi müsahəbədə İsrailin müdafiə ordusu Baş qərargahının rəisi Qadi Ayzenkot bəyan edib ki, ehtiyac yaranarsa, onun ölkəsi İrana qarşı durmaq üçün, Ər-Riyada kəşfiyyat materialları təqdim etməyə hazırdır.


Şərhlər