Müdafiə nazirinin müavini KİV rəhbərləri ilə görüşüb - "Nazirlərin oğulları xidmət edirmi?" (FOTOLAR)

Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələrinin Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Ordusunun 100 illiyi münasibətilə bayram tədbirlərinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmasının həyata keçirilməsinə həsr olunan görüşü keçirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından tədbir iştirakçılarını salamlayan nazir müavini, general-leytenant Kərim Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamından irəli gələn tapşırıqların icrasının təmin edilməsi məqsədilə Müdafiə naziri tərəfindən əmr imzalandığını və tədbirlər planının təsdiq edildiyini diqqətə çatdırıb.

Nazir müavini Ali Baş Komandanın diqqət və qayğısı sayəsində son illər Azərbaycan ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi hissə və bölmələrin maddi-texniki təminatının gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan geniş islahatlardan danışıb.

General-leytenant K.Vəliyev bildirib ki, artıq əvvəlki dövrlə müqayisədə Orduda əhəmiyyətli yeniliklərin həyata keçirilməsinin nəticəsidir ki, həqiqi hərbi xidməti başa vurmuş xeyli sayda vətəndaşlarımız öz arzuları ilə yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq barədə müraciət edirlər.

Hərbi təhsilin daha da təkmilləşdirilməsi üçün görülən işlərdən danışan nazir müavini bu sahədə ardıcıl dövlət siyasətinin həyata keçirildiyini və Azərbaycanın inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən bəhrələndiyini də qeyd edib.

Kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran general-leytenant K.Vəliyev ordu quruculuğu məsələlərində obyektivliyin və şəffaflığın təmin edilməsi baxımından bu əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, Milli Məclisin deputatı Aqil Abbas, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, “Teleqraf Holdinq”in rəhbəri Aynur Quliyeva, “Azeridefens” jurnalının baş redaktoru Rəşad Süleymanov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev, “Qaziler.az” saytının rəhbəri Rey Kərimoğlu, “Ordu.az” saytının redaktoru Şahin Qocayev və başqaları ordu-media əməkdaşlığının intensivləşməsini zəruri edən məqamlardan danışaraq istər səmərəliliyin artırılmasına, istərsə də cəmiyyətdə vətənpərvərlik təbliğatının gücləndirilməsinə yönələn təkliflərini səsləndiriblər. (Report)

“Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev ermənilər tərəfindən həyata keçirilən informasiya diversiyasının qarşısının vaxtında və effektiv alınmasının mühümlüyü məsələsini qaldırıb. Jurnalist bildirib ki, bir çox hallarda Ermənistan Müdafiə Nazirliyi daha operativ işləyir və bunda Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlının günahı yoxdur. “Vaqif Dərgahlının telefonu sutka boyu jurnalistlərə açıqdır, sadəcə olaraq onun səlahiyyətlərini artırmaq lazımdır. Nəyə görə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan özünü daha sərbəst hiss edir və sosial şəbəkələrdə cəbhədən gələn xəbərləri operativ yerləşdirir?” - E.Fətullayev sual edib.

Jurnalist xatırladıb ki, indi 21-ci əsrdir və internet əsrində hansısa informasiyanı gizlətmək mümkün deyil. O zaman erməni təbliğatçılarına informasiya manipulyasiyası üçün şərait nəyə görə yaradılır?

Eynulla Fətullayev Mətbuat Şurasının sədri Əflatun Amaşovun çıxışına və Azərbaycan Ordusunun qurucusu Səmədbəy Mehmandarovu xatırlamasına münasibət bildirərkən deyib: “Gəlin Mehmandarovun özünün sözlərini xatırlayaq: “Bizim ordumuzda nə bir nəfər xan, nə bəy oğlu yoxdur”. Sizin hamınızdan soruşmaq istəyirəm, bizim ordumuzada nazirlərin oğulları da xidmət edirmi?”

Polkovnik Dərgahlı bu fikirlərə cavab olaraq deyib ki, o zabitdir və əmrə tabedir. E.Fətullayevin narahatlığını APA informasiya agentliyinin baş redaktoru Vüsalə Mahirqızı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, jurnalist Rey Kərimoğlu və digərləri də dəstəkləyib.

V.Mahirqızı ordu üzərində ictimai nəzarətin gücləndirilməsi məsələsini qaldırıb. “Dövlət sirri nə deməkdir? Əgər informasiya jurnalistin əlinə keçirsə o artıq dövlət sirri deyil, Müdafiə Nazirliyinin problemidir”-Mahirqızı deyib.

Görüşdə çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev qeyd edib ki, Azərbaycan ordusu onsuz da ictimai nəzarət altındadır. “Bizim hərbi hissələrə müntəzəm olaraq Ombudsman aparatının nümayəndələri baş çəkir. Baş prokurorluqla birlikdə vaxtaşırı olaraq profilaktik işlər aparılır. Hərbi hissələrə jurnalistlərin səfərləri təşkil olunur, ancaq onların bir çoxu sensasiya dalınca qaçır. Bəyəm Rusiya və ya ABŞ ordusunda problem yoxdur? Bəs siz görmüşünüz ki, onların mətbuatı itkilər barədə məlumatları dərc etsinlər?” - general bildirib.

Nazir müavini əlavə edib ki, Vaqif Dərgahlının kifayət qədər səlahiyyətləri var. Lakin yaymazdan əvvəl informasiyanı dəqiqləşdirmək lazımdır. “Mən Eynulla Fətullayevlə haradasa razıyam, amma siz də bizi başa düşməlisiniz. Biz hamımız operativlik üçün can atırıq” - o deyib.

635x100

Şərhlər

x 2018-02-14 16:24:42

Ne naxir oglu hec onun yeddi arxa doneninde orduda tapmazsiz hec ne nazirin nede generallarin prakrorlarin bir sozle bu zumreden olanlarin esger getmesi meslehet deyil cunki getdikleri yerde emr verirler cunki kiminse qohumudu diger esgerlere yuxaridan asagi baxirlar.....

pıs-pısa 2018-02-14 16:24:42

Bu Fətullayev deyəsən dağın başından düşüb gəlib, yaxud da ki, urus demişkən prikidivaetsya valenkoy! Azərbaycanın nazirlərinin oğulları Londonda, Mayamidə ən pis halda da İstanbulda qulluq edirlər!!

Son yazılar