Dəmiryolu xəstəxanasının kimə məxsus olmasını müəyyənləşdirmək müşkül məsələyə çevrilib
Hesablama Palatası auditorları “Azərbaycan Dəmir Yolları” QSC-nin tibb xidmətində yoxlamalar aparıb və kifayət qədər ciddi maliyyə pozuntuları aşkarlayıb. Təkcə dəmiryolçuların mərkəzi xəstəxanasında bir neçə milyon manata yaxın yeyinti aşkarlanıb.
ANS PRESS-in məlumatına görə, bu barədə “Yeni Müsavat”a QSC-dəki mənbə xəbər verib.
Məsələ ilə əlaqədar olaraq Hesablama Palatası ilə əlaqa saxladıq. Platanın Mətbuat Xidmətinin rəhbəri Nailə Qazıyeva ANS PRESS-ə bildirib ki, yoxlamaların nəticəsi və aşkarlanan faktlar Kollegiyada təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək:
“Hesablama Palatasının əsas funksiyalarından biri də audit yoxlamalar aparmaqdır.Təsdiq olunmuş qaydalarımız var ki yoxlama baş çatmamış bu barədə məlumat verə bilmərik. İyun ayının 12-də keçirilən Kollegiya iclasında dövlət büdcəsinin "Səhiyyə" bölməsi üzrə "Azərbaycan Dəmir Yolları" QSC-nin həkim-sanitar xidmətinə ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının hesablanılmasına dair Audit proqramı müzakirə edilərək təsdiq olunub. Yoxlama işləri hələ davam edəcək.Yoxlamanın nə vaxt yekunlaşacağını bilmirik”.
Məsələ ilə əlaqədar olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. İdarənin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov Dəmiryolu xəstəxanasının İdarəyə aid olmadığını, Səhiyyə Nazirliyinin tərkibində olduğunu söyləyib:
“Bizim dəmiryolçular o xəstəxanada müalicə ala bilərlər. Amma. O xəstəxana Dəmiryolu İdarəsinin deyil. Ora Səhiyyə Nazirliyi baxır. Gedib onlardan sorusun!”
Səhiyyə Nazirliyindən isə xəstəxananın Nazirliyə aid olmadığını söyləyiblər. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər ki, Dəmiryolu idarəsinin bu barədə məlumatı yoxdur: “Dəmiryolu xəstəxanası Dəmiryolu İdarəsinin nəzdində olan MMC-nın tərkibinə daxildir. Həmin tibb idarəsi Səhiyyə Nazirliyinin balansına tabe deyil. Biz ora işçi götürə bilmirik. Səhiyə Nazirliyi həmin xəstəxanaya təyinat həyata keçirmir”.


Şərhlər