"Biz əsas hədəfi yaddan çıxarmamalıyıq. Azərbaycanlılar işğal edilmiş torpaqlara, Dağlıq Qarabağa, - o da işğal edilmiş torpaqdır, - qayıtmalıdırlar"
APA-nın xəbərinə görə, bunu Azərbaycan diplomatik korpusunun V müşavirəsində prezident İlham Əliyev deyib.
Prezident qeyd edib ki, xarici siyasətlə bağlı əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Ölkə başçısı münaqişənin həll olunmamasının başlıca səbəbinin Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləri olması olduğunu da bildirib: " Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməyib. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Biz də sülh istəyirik. Ancaq dəfələrlə bəyan etmişəm ki, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik".
Prezident son vaxtlar vasitəçilərin fəaliyyətində müşahidə edilən fəallığın Azərbaycanın artan iqtisadi və hərbi gücü ilə əlaqəli olduğunu deyib: " Çünki onlar da Ermənistan kimi çox yaxşı dərk edirlər ki, istənilən vaxtda biz hərbi gücümüzdən istifadə edərək Qarabağ məsələsini birdəfəlik həll edə bilərik. Bu gün güc amili, bir daha demək istəyirəm ki, həlledici rol oynayır. Biz daha da güclü olmalıyıq, oluruq. İqtisadi, siyasi və hərbi potensialımız kifayət qədər güclüdür və danışıqlarda bu amil müsbət rolunu oynayacaq".
Prezident vurğulayıb ki, bu münaqişədən xalq, qaçqınlar və köçkünlər əziyyət çəkir: " Ancaq biz məsələni köklü şəkildə həll etməliyik. Yəni, məsələnin yarımçıq şəkildə həll edilməsi, sadəcə, bir mərhələ ola bilər. Təbii ki, mərhələli həll üstünlük təşkil edir və edəcək. Ancaq biz əsas hədəfi yaddan çıxarmamalıyıq. Azərbaycanlılar işğal edilmiş torpaqlara, Dağlıq Qarabağa, - o da işğal edilmiş torpaqdır, - qayıtmalıdırlar. Azərbaycan öz suverenliyini bərpa etməlidir. Erməni xalqı Azərbaycan dövləti çərçivəsində yüksək muxtariyyət statusuna malik olan şəraitdə yaşaya bilər. Biz bunu təklif etmişik və bu yanaşma dünyada və Avropada ən müsbət təcrübəyə əsaslanır".


Şərhlər