Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
ANS PRESS-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, iAğcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada keçiriləcək.
İmtahanların idarə olunmasına 220 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2429 nəzarətçi-müəllim cəlb olunacaq.
İmtahanın gedişini işıqlandırmaq üçün 50-dən artıq KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib. İmtahanda 28955 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 21828 abituriyent I qrup üzrə, 7127 abituriyent IV qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 26160 nəfəri (I qrup üzrə 19656 nəfər, IV qrup üzrə 6504 nəfər) Azərbaycan bölməsinin, 2795 nəfəri (I qrup üzrə 2172 nəfər, IV qrup üzrə 623 nəfər) isə rus bölməsinin məzunudur.
TQDk sədrinin sözlərinə görə, 16 nəfər ali təhsil müəssisələrinin, 791 nəfər orta ixtisas təhsili müəssisələrinin məzunudur. 184 abituriyent xarici ölkələrin vətəndaşıdır.
Sədr bildirib ki, imtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcək.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.


Şərhlər