Moskva metrosunda bir neçə qatarın relsdən sürüşüb çıxması nəticəsində ölənlərin sayı 12-ə çatıb, onlarla adamın yaralandığı bildirilir.
Yerin altında qalan sərnişinlər var. Qəzanın səbəblərinin rəsmi araşdırılması davam edir.
Moskva səhiyyə departamentinin nümayəndəsi tibbi yardım üçün 120-dən artıq adamın müraciət etdiyini bildirib. Bunlardan 106 nəfər artıq xəstəxanaya yerləşdirilib, Moskva səhiyyə departamentinin rəhbəri Georgi Qoluxov İnterfax agentliyinə bildirib. Rəsmilər ən azı 24 adamın vəziyyətinin ağır olduğunu deyiblər.
Səbəblər
Metro rəsmilərinin verdiyi məlumata əsasən, qəza qatarın bir neçə vaqonunun relsdən çıxması nəticəsində baş verib. Çərşənbə axşamı saat 8:40-da baş verən hadisənin səbəbi kimi siqnalizasiya sisteminin yanlış işə düşməsi göstərilir.
“Stansiyalar arasındakı (“Park Pobedy” - "Slavyanskiy bulvar") elektrik xətlərdə gərginliyin kəskin düşməsi yanlış olaraq siqnalizasiya sistemini işə salıb və buna görə elektroqatarın qəfil dayanması baş verib”, - Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsindən bildiriblər.
"Nasazlıqdan sonra qəfil dayanma baş verib. Nəticədə bir neçə vaqon relsdən çıxıb. Təəssüflər olsun ki, zərər çəkənlər var. Onlara hazırda tibbi yardım göstərilir. Sərnişinlər evakuasiya edilərkən bir vaqonun qapıları bloklanmışdır. Lakin xilasedicilər qapıları açaraq sərnişinlərin hamısını bayıra çıxarıblar", - Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi BBC Rus Xidmətinə bildirib.
Hadisədən sonra 200-dən artıq adamın evakuasiya edildiyi göstərilir.
Rusiya paytaxtının səhiyyə departamenti 80 adamın “qeyri-ağır xəsarət” aldığını xəbər verib.
Hadisə ilə bağlı cinayət işinin açılacağı müəyyənləşdirilməkdədir, Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin bildirib.


Şərhlər