GÜLMƏYİ BACARAN CİDDİ XALQLAR...

Fazil MUSTAFA

Monteneqro maraqlı ölkədir. Onların serblərlə yalnız dialekt fərqi var, hətta bu fərqlilik bizimlə Anadolu türklərinin dil elementləri arasındakı fərqdən böyük deyil. Onlar öz ölkələrini Qaradağ adlandırırlar. Diqqət yetirəndə görürsən ki, əksər hissəsi dağlardan ibarət olan bu Balkan ölkəsinin dağları qara rəngə çalır. Bu rəngi daha çox dağlarda bitən ağacların kölgəsi yaradır. Maraqlı təbiət gözəllikləri ilə yanaşı insanlarının da qəribə özəllikləri diqqət çəkir.

Balkanlarda buranın insanları astagəllikdə, daha doğrusu tənbəllikdə ad çıxarıblar. Bəlkə də bunu əhalinin müəyyən qisminə şamil etmək olmaz, ancaq görünür ki, tarix boyu aparılan müşahidələr belə bir tanıtımın gerçəyə yaxın tərəfləri olduğunu ortaya qoyur. Ən maraqlısı da budur ki, rast gəldiyin qaradağlıların əksəriyyəti öz tənbəlliklərini milli xarakterləri kimi tərdim etməkdən zövq alırlar, bu tanıtımdan zərrə qədər də utanmırlar. Hətta bu özəlliyi on bənddən ibarət bir atasözü mətninə də yerləşdirib internetdə yayırlar, köynəklərin üzərinə yazdırırlar, suvenir hədiyyələri formasında kütləvi satışa da buraxırlar. Qaradağlılar üçün on mühüm qadağa aşağıdakı sıralamada təqdim olunur:

- İnsan yorğun doğulur və yaşayır ki, dincəlsin.

- Çarpayını özünü sevdiyin kimi sev!

- Gündüzləri dincəl ki, gecələri yata biləsən.

- Çalışma! İş adamı öldürür.

- Əgər görsən ki, kimsə istirahət edir, ona köməklik göstər!

- Bacardığından az iş gör, bacardığını isə başqasına gördür!

- Ağacların kölgəsi qurtuluşdur, istirahətdən kimsə ölməz.

- İş xəstəlik gətirir - gənc yaşında ölmə!

- Haçansa təsadüfən işləmək istəsən - otur, görəcəksən ki, həvəsin keçib gedib.

- Görsən ki, bir yerdə yeyib-içirlər, onlara qoşul, haradasa işləyirlər - oradan uzaqlaş ki, mane olmayasan.

İlk baxışda burada bir xalqın özü haqqında aşağılayıcı tezisləri yer alır. Bu bölgənin insanları haqqında

belə bir təsəvvürün yaranması kənardan bir çox hallarda xoş görünməyə bilər. Bəzən təəccüb də doğurar ki, durub-durub da öz xalqının bu cür mənfi sayıla biləcək çalarlarla təqdimatının nə anlamı var?

Bu mövzu üzərində xeyli düşündüm və o görüşə vardım ki, o xalqların ki, yumor duyğusu yerindədir, öz çatışmazlıqlarını bu cür mizah formasında dilə gətirməkdən çəkinmirlər, bunu təbliğ etməkdən utanmırlar, bunlar həm də özlərinə güvənən xalqlardır, özlərinin nöqsanlarından qorxmayan xalqlardır. Maraqlıdır ki, bu qaradağlılar həm də tarixdən döyüşkən xalq kimi tanınırlar, hətta Osmanlı orduları bu əraziləri sona qədər ələ keçirə bilməmişlər, inanılmaz bir dirənişlə qarşılaşmışlar. Yəni özlərinə tənbəl desələr də, bu onların vətənsevərliyinə kölgə salmaz. Bizdə də adları lətifələrdə hallanan bölgələr var, bəlli bölgələrlə bağlı şirin bəzəmələr var, ancaq çaşıb o bölgənin adamlarının yanında söylədiyində özünü sanki aşağılanmış kimi hiss edərək rahatsızlığını dilə gətirirlər. Xalqa hansısa tarixi həqiqətləri söyləyəndə, bir tanınmış şəxsiyyəti barədə hansısa xoşagəlməz gerçəkləri dilə gətirəndə ilk sözü bu olur ki, xalqı aşağılamaq olmaz. Hələ xeyli virtual qəhrəmanlar var ki, özlərini xalqın qoruyucuları elan ediblər, hansı yeni fikir, düşüncə ortaya çıxırsa, hansı tənqidi mətn görürlərsə dərhal susdurma, linç kampaniyasına başlayırlar, yeni fikri daşqalaq etmə yarışına çıxırlar. Təsəvvür edin ki, kimsə Azərbaycanda insanların çoxunun tənbəl olduğunu, mənasız yerə vaxtı israf etdiyini, faydalı insan olmaq üçün səy göstərmədiyini ciddi şəkildə söyləsə dərhal qarşısına qəhrəmanlıq dastanlarının sicilləmə düzülüşünü qoyacaqlar. Xalqa isə öz natamamlıqlarından, geriçiliyindən, faydasız vərdişlərindən, adətlərindən qurtulmaqdan vacib hansı addım ola bilər ki?...

Demək ki, bizdə də yumorun doğru variantlarını tapmaq zəruridir, gerçəklərin söylənməsi və qarşılığında söyləyənlərin daşlanmaması üçün bu yumor üslubu həyati əhəmiyyət daşıyır. Qaradağlılardan ilk öyrənəcəyimiz bu gülüş, bu yumor ola bilər. O halda yumorla qəbul edəcəyimiz on dənə qadağa bizi on dəfə qabağa atmış olar. Xalqlar da insanlar kimidir, səmimi və içdən güləndə, aşağılanmırlar, təmizlənirlər.

635x100

Şərhlər

noqaya 2018-04-18 00:03:27

Qara dag olmadi..? akademik

Fazil bəyə 2018-04-18 00:03:27

Azərbaycanda 30 ildir gülməli hal qalmayıb. Özündən 100 dəfə kiçik əyalətinin işğalında qalasan? Xəyalpərəstlərə elə qəlib ki, siyasət uydurma İran, Turan nağılıdan da asan bir işdir. Məgər, haylar 100 ildir uydurma tarixlər yazmırlar? Xəyalət hara gəldi uçur və məğzi əsası olmayanda elə hey uçur və nəticə tapmır! Öz-özünə təkbaşına lider siyasi məğzi və göz önündə olan real uğuru görə bilmir.

osman 2018-04-18 00:03:27

Fazil bəy torpağı düşmənə verib 25 ağlamaq əvəzinə TV-lərdə və başqa yerlərdə gülmək nəinki hırıldamaq da zordur

Noqay 2018-04-18 00:03:27

Hörmətli müəllif. Yazırsınız ki, Onlar öz ölkələrini Qaradağ adlandırırlar. Səhv buyurursunuz.Qaradağ ölkənin adının dilimizə tərcümə edilmiş formasıdır. Ona qalsa, Monteneqronu da venet dilindən tərcümə edəndə eyni mənanı verir. u millətin öz dilində ölkənin adı Qaradağ yox Црна Гора-dır.Bizim hərflərlə transliterasiya edildə- Tsırna Qora. Sovet dövründə dilimizdə ədəbiyyatda onun adı Çernoqoriya kimi verilirdi. Bu orijinala daha yaxın formadır.İndi biz Avropaya sitayiş etidimizdən Monteneqroya keçmişik.

miri 2018-04-18 00:03:27

Fazil müəllim, əvvəla Qarabağı təhvil verib, Qaradağı ozünə və gələcək nəslinə vətən qəbul etmişlərin məkanına xoş gəlmisiniz. Qaldırdığınız yumor və xoş gülüş məsələsində isə Qabrovilarin yeni Qaradagli yeniazərbaycanlilara çatmasına çox var. Məyər onlar bizimkilər qədər yaxşıya pis, pisə yaxşı demək qədər gülünc vəziyyətə düşə bilərlərmi? Məyər onlarbparadoksal təfəkkür sahibi olmaqla bunca gülüş obyekti olmağı bacararmi? Məyər onlar bunca................

Son yazılar