Əli Kərimli: "Xalq Cəbhəsinin gücü xalqa olan sevgisidir"
Xəbər verdiyimiz kimi bu gün AXCP 25 illiyini Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına mədəniyyət evində qeyd edir. Tədbiri giriş sözü ilə açan AXCP sədri Әli Kərimli qonaqları salamladı. Milli Azadlıq Hərəkatının, təşkilatın lideri Әbülfəz Elçibəy və bu müddətdə dünyasını dəyişən cəbhəçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbir dövlət himninin ifası ilə başladı.
Təşkilatın yaranma tarixi və şəraiti haqda danışan AXCP sədri bildirdi ki, Xalq Cəbhəsi xalqın bağrından yarandı: "Təşkilatın sədri Əbülfəz Elçibəy ilk və təəssüf ki, hələlik sonuncu dəfə demokratik seçki ilə seçilmiş prezident oldu. Fəxr edirik ki, sonradan xalqımızın dyərləndirib, seçdiyi Elçibəyi ilk olaraq biz kəşf etdik. İqtidarda olduğu bir ildə xalq üçün çalışdı. Biz klassik mənada siyasi partiya olmadıq. Heç zaman partiya maraqlarını milli maraqlardan üstün tuta bilmədik, tutmadıq. Müstəqilliyimizin, dövlətimizin qarantı ordumuzla yanaşı xalq cəbhəsidir".
Ə.Kərimli dedi ki, Xalq Cəbhəsi və onun lideri Elçibey hər zaman birləşdirici olub, bu ənənə hazırda da davam edir. Partiya sədri təşkilatın proqram ve hədəfləri barədə yığcam məlumat verdi: "Xalq Cəbhəsi birlikləri, koalisiyaları dağıdan yox, quran təşkilatdır. Xalq Cəbhəsi təkcə yaşının 25 olduğu, sıralarında gəncləri birləşdirdiyi üçün gənc deyil, həm də sabahın planları ilə yaşadığı üçün gəncdir. Qapılarımız gənclərin üzüne açıqdır. sıralarımıza hər gün gənclər qoşulur. Rəhbərlikdə, 3-ü müavin olmaqla 10 gənc, 30-40 arası yaşda təmsil olunur".
Çıxışına davam edən AXCP sədri siyasi məhbuslara salam göndərdi və onlara azadlıq tələb etdi. "Xalq Cəbhəsinin gücü xalqa olan sevgisidir. Bu qədər məhrumiyyətlə bu qədər gücü bu sevgiden alırıq", deyə Ə.Kərimli vurğuladı.
Ə.Kərimlinin çıxışdan sonra gənclər yerlərinden Xəlil Rzanın "Yaşasın xalq cəbhəsi" şerini dedilər ve şüarlar səsləndirdilər.
Cəmil Həsənli: "Xalq Cəbhəsinin yaranması tarixi hadisədir"

"Həyatımın böyük bir hissəsi bu təşkilatda keçib. Orada rəsmən təmsil olunduğum illərlə fəxr edirəm. Xalq Cəbhəsi gəncliyin cazibə mərkəzidir. Xalq Cəbhəsi gəncliyin hərəkatı olub, İndi de belədir. Gələcək Azərbaycan xalqının, bu xalqın haqq işi uğrunda mübarizə aparan Xalq Cəbhəsinindir", deyə C.Həsənli vurğuladı.
AXCP sədrinin müavini Gözəl Bayramlı tədbir iştirakçılarının diqqətinə Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov və siyasi məhbus Qurban Məmmədovun təbriklərini çatdırdı.
Leyla Yunus: "Mübarizəmiz davam etməsə, balalarımız da belə istibdadda yaşayacaq"
Hüquq müdafiəçisi Leyla Yunus Xalq Cəbhəsinin yaranması haqda xatirələrini danışdı. L.Yunus dedi ki, bir vaxtlar SSRİ adlı xalqlar həbsxanasını dağılmasını istəyəndə ağlımıza da gəlmirdi ki, Əliyevlər rejiminin həbsxanasına məhkum ediləcəyik. L.Yunus daha sonra Əliyevlər despotizminə qarşı mübarizədə həbs olunanları xatırlatdı. L.Yunus dedi ki, mübarizəmiz davam etməsə, balalarımız da belə istibdadda yaşayacaq. "Ona görə də bu istibdad dağılana qədər mübarizə olmalıdır", deyə L.Yunus bildirdi. L.Yunus çıxışını "azadlıq" şüarı ilə bitirdi.
Milli Şuranın üzvü, ədliyyə generalı Vidadi Mirkamal isə bildirdi ki, hazırda Azərbaycanın taleyüklü dövründə AXCP və onun sədri birlik mövqeyindən çıxış edərək milli maraqlara uyğun fəaliyyət göstərir. "Hazırda birliyi pozanlar, bu istiqamətdə addım atmayanlar gələcək nəzillər qarşısında nə cavab verəcək?", deyə V.Mirkamal vurğuladı.
Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gültəkin Hacıbəyli Xalq Cəbhəsinin əsas xidməti kimi rus qoşunlarını Azərbaycandan çıxarmağı vurğuladı. G.Hacıbəyli cəbhəçiləri fədəkarlıqları, haqqı pozulanların daim yanında olduqları üçün öydü və onlara minnətdarlıq etdi.(azadliq.info)
ADP sədri Sərdar Cəlaloğlunun çıxışı isə tədbirdə iştirak edən cəbhəçilərin narazılığına səbəb olub. Partiya sədri çıxışının tez-tez kəsilməsinə etiraz edərək danışmaqdan imtina edib.
Tədbir davam edir.


Şərhlər