Menu

Separatçılar Ukrayna ordusuna ölümsaçan silahlarla hücuma keçdi - Video

16.07.2014, 12:50
Separatçılar Ukrayna ordusuna ölümsaçan silahlarla hücuma keçdi - Video

Bir neçə gün davam edən mövqe döyüşlərindən sonra Ukraynanın Donetsk vilayətində separatçılar ordu hissələrinin mövqelərinə hücuma keçib.

Virtualaz.org saytı xəbər verir ki, separatçılara yaxın mənbələr Donetskdən cənubda Ukrayna ordusunun beş hərbi kolonunun şiddəttli artilleriya zərbələri altında qaldığını xəbər verir.

Donbas separatçılarının komandanı, QRU zabiti İqor Strelkov bildirib ki, geri çəkilən Ukrayna qoşunları tələyə düşüblər.

“Geri çəkilən Ukrayna qoşunlarının böyük sayda qüvvələri Kojevnaya rayonunda dambadan keçərkən “meşoka” düşüblər. Tanklar, benzindaşıyanlar, nəqliyyat kolonları - hamısı zərbə altındadır. Ümid edirəm ki, salamat çıxanı olmayacaq” - deyə Strelkov bildirib.

Digər məlumata görə, İzvarino qəsəbəsindən geri çəkilərkən Milli Qvardiyanın bölmələri ağır itkilər veriblər. Azı 8 nəfər ölüb, 30-da yaxın döyüşçü yaralanıb. Bildirilir ki, separatçılar iyulun 13-də Ukrayna tanklarının hücumu qarşısında geri çəkildikləri mövqeləri ələ keçirmək üçün “Qrad” qurğuları ilə hücuma keçiblər.

İnternetdə yerləşdirilmiş videokadrlarda separatçıların çoxsaylı “Qrad” qurğularından Ukrayna ordusunun mövqelərinə dəhşətli yaylım atəşi açdıqları əks olunur.

Luqansk aeroportu uğrunda da şiddətli döyüşlər gedir. Aeroportda mövqe tutan Ukrayna qoşunlarının təchizatı kəsilib və separatçılar aeroportdakı qüvvələrə köməyə gedən 40-45 vahid zirehli texnikanın qarşısını kəsiblər.

Donetsk aeroportunda isə qüllə separatçılar tərəfindən partladılıb.

Milli Qvardiyanın mətbuat xidməti də bu gün səhərdən Donetsk vilayətində separatçıların tankların və “Qrad” qurğularının, artilleriyanın müşayiəti ilə hücuma keçdiyini bildirir. Açıqlamaya görə, bir saatdan çox çəkən döyüş nəticəsində hücumun qarşısı alınıb və qvardiyaçılar əks hücuma keçərək separatçıları Stepanovka qəsəbəsindən vurub çıxarıblar. Hazırda döyüşlər Taranı qəsəbəsi ətrafında gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol