Hamıdan qəhrəmanlıq tələb edir, amma özü qurbağadan qorxur

Seymur Verdizadə

Ən azı 100 min manat qiyməti olan maşınını düz yolun ortasında saxlayıb, ədəb-ərkanla aşağı endi. Biz üz-üzə gələndə, onun sifətində qəribə ifadə vardı; gözləri sevincdən parıldayır, qırmıız, ətli siması işıq saçırdı. İri, tüklü əlləri ilə əlimi sıxıb, belə dedi: “Elli, səninlə fəxr edirik!”

Qələm dostum Qadir İbrahimli bu cür məqamları qeyri-təvazökarlıq kimi qiymətləndirsə də, yazmadan keçə bilməyəcəyəm: belə hadisələrlə tez-tez qarşılaşdığım üçün əvvəlcə ona əhəmiyyət vermədim. Fikirləşdim ki, yəqin beş-altı il əvvəl dediyim hansısa söz xoşuna gəldiyi üçün belə danışır. Maşını yolun ortasında saxladığı üçün söhbəti çox uzatmaq fikri yox idi, birbaşa mətləbə keçdi: “O gün Səməd Səmədovu yaxşı yerində oturtdun. Manaf Ağayevə verdiyin cavabı da oxudum. Sənə halal olsun!”

Son vaxtlar efirlərdə tez-ter səsləndirdiyim fikri yenə təkrar etdim: “Mənim səsim yoxdur. Heç vaxt əlimə mikrofon götürüb, mahnı oxumayacağam. Yəni, heç bir müğənni mənim rəqibim deyil. Şou əhlini ona görə tənqid edirəm ki, oxuduqları bayağı mahnılarla xalqın musiqi zövqünü korlayırlar”.

Razılıq əlaməti olaraq, başını yırğalayıb, belə dedi: “Qardaş, düz edirsən. Mənim televiziyaya çıxmaq imkanım yoxdur. Üstəlik, yazı-pozudan da başım çıxmır. Bu cür adamlara qarşı siz ziyalılar, jurnalistlər mübarizə aparmalısınız”.

Tələsdiyini açıq-aşkar büruzə versə də, qolundan tutub onu yolundan saxladım: “Neqativ hallara qarşı elliklə mübarizə aparmalıyıq. Başa düşürəm, sizin efirə çıxmaq imkanınız yoxdur. Amma bayağı mahnılar oxuyan adamları övladlarınızın toyuna çağırmamaq sizin öz əlinizdədir. Sinəsiaçıq müğənnilər sizin kimi iş adamlarının sayəsində ziyalılardan, jurnalistlərdən yüz dəfə yaxşı yaşayırlar”.

Sözümü deyib, kənara çəkildim. Bu, o demək idi ki, yol açıqdır, nə vaxt istəsən, gedə bilərsən. Amma getmək fikri yox idi. Başa düşdüm ki, nəsə demək istəyir. Əlimi onun çiyninə qoydum: “Elli, başqa sözün var?”

Bu dəfə daha təmkinlə danışırdı: “Xahiş edirəm, bir dəfə də Elarizin dərsini ver. Səsi olmasa da, efirlərdən düşmür”.

Mən ona tənqid etdiyim müğənnilərin məni, ailə üzvlərimi necə təhqir etdiklərini demədim. Onu da demədim ki, biz təhqir olunanda sənin kimi adamların heç vaxt səsi çıxmır. Bircə onu dedim ki, məqamı gələndə Elariz barədə də danışarıq...

Oğuz elində yenə toy bayrama qarışıb. Müqəddəs Ramazan ayı yaxınlaşdığı üçün toy mövsümü daha da qızışıb. Ötən gün dostlarımdan birinin qızının toyunda idim. Mötəbər iş adamı olan həmin ellim də qonaqların arasındaydı. Biz ayrı-ayrı masalarda oturduğumuz üçün bir-birimizə nəzər salıb, başımızı yırğalamaqla kifayətləndik. Sonra isə Allahın verdiyi nemətlərdən yeyib doyduq, qol götürüb oynadıq. Axırda da fürsət tapıb, bəylə gəlini təbrik etdik. Evə getməyə hazırlaşanda gecənin sürpriz qonağı – xalq artisti Səməd Səmədov məclisə təşrif buyurdu. Səməd bəy mikrofonu əlinə almağa macal tapmamış iş adamı olan həmin ellim onun yanında peyda oldu. Kişini doğma xalası oğlu kimi bağrına basıb, yanaqlarından öpdü. Sonra sağ böyründə durub şəkil çəkdirdi. Amma bununla da qane olmayıb, sol tərəfə keçdi. Fotoqrafın canını boğazına yığıb, daha bir neçə şəkil çəkdirəndən sonra nağara boyda olan qarnını sığallaya–sığallaya keçib yerində əyləşdi. Mən isə üç-dörd gün əvvəl aramızda baş verən söhbəti xatırlayıb, əməlli-başlı dilxor oldum...

Bir tanışım var, 2004-cü ilə kimi polis rəisi işləyib. Rüşvət aldığına görə, 14 il əvvəl işdən qovulub. Kabinet, xidməti maşın, pul əldən çıxandan sonra hökumətə asi olub. 2005-ci ildə silsilə mitinqlər keçiriləndə 2 saat ərzində ən azı 7 dəfə mənə zəng edib, adamların sayı ilə maraqlanırdı. Hər dəfə də eyni sözləri deyirdi: “Qorxmayın, ürəkli olun! Polislərin üstünə getsəniz, onlar geri çəkiləcəklər”.

İki il əvvəl həmin adamla Qubaya istirahətə getmişdik. Çay kənarında stol açıb, yaxşı yeyib-içdik. Məclisin şirin yerində bir qurbağa sudan kənara sıçradı. Rəis özünü necə itirdisə, kəllə-mayalalq olub, yerə yıxıldı. Qoluna girib onu ayağa qaldıranda, gözlərimizə inanmadıq; şalvarı arxadan cırıldığı üçün yumşaq yeri gün işığında parıldayırdı...

(Missiya.az)

635x100

Şərhlər

Muellife 2018-05-02 20:28:27

Muellim,uzur diliyorm yadimdan cixmiwdi soruwum,bes dostunuzun walvarin altinda darbalagi yox idi? Gun ele прямой yumuwaq yerine duwdu.

Muellife 2018-05-02 20:28:27

Muellim,walvardan sonra derine getmedinizmi,belke ayri neisede cirilmiwdi.

Maqsud 2018-05-02 20:28:27

BURA KİMİ YAXŞI GƏLMİŞDİN AXIRIN KORLADIN.

Son yazılar