«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Qəzza sektorunda vəziyyətin gərginləşməsi, İsrail hərbçiləri ilə toqquşmalarda dinc əhalinin həlak olması ilə bağlı Küveyt Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) təcili iclasının çağırılmasını istəyib. Bu barədə beynəlxalq təşkilatın mənzil-qərargahındakı mənbə xəbər verib.
Onun sözlərinə görə, BMT TŞ-nın müvəqqəti üzvü kimi, Küveyt mayın 15-də, Nyu-York vaxtı ilə günün birinci yarısında açıq iclasın keçirilməsini təkid edir. Həmin vaxta TŞ-nın Somali ilə bağlı iclası planlaşdırılıb. «Həmin iclasın başqa vaxta keçirilməsi təklif olunur» - deyə, mənbə bildirib.
Bundan əvvəl bazar ertəsi Fələstin dövlətinin BMT-dəki daimi müşahidəçisi Riyad Mansur jurnalistlərə bildirib ki, Qəzza sektorunda yaranmış vəziyyət dünyada sülhə və təhlükəsizliyə bir hədədir. Onun sözlərinə görə, TŞ İsrailin əməliyyatının dayandırılmasına nail olmalı, dinc sakinlərin həlak olmasına görə, cavabdehlərin məsuliyyətə cəlb olunmasını və fələstinlilərin müdafəsini təşkil etməlidir. Mansur həm də xəbər verib ki, bazar ertəsi axşam Fələstin rəhbərliyinin görüşü olacaq və onun nəticələrindən asılı olaraq, İsrailin «hərbi cinayətləri» ilə bağlı beynəlxalq məhkəməyə müraciət barədə qərar qəbul oluna bilər.
Qəzza sektorunda fələstinlilərin kütləvi çıxışları martın axırlarından bəri davam edir və bazar ertəsi ABŞ səfirliyinin Qüdsə (Yerusəlim) köçürülməsi ilə bağlı etirazlar yeni qüvvə ilə alovlanıb. Fələstin səhiyyə nazirliyinin son məlumatına görə, Qəzza sektoru ilə sərhəddə toqquşmalar nəticəsində 52 nəfər fələstinli həlak olub, 2 mindən aprtıq insan isə zərər çəkib.

Şərhlər