Menu

“Alimlərimizin aylıq məvacibləri yüksək olmalıdır” - AMEA prezidenti

15.05.2018, 10:16
“Alimlərimizin aylıq məvacibləri yüksək olmalıdır” - AMEA prezidenti

“Alimlərimizin aylıq məvacibləri yüksək olmalıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə “Xalq qəzeti”nə müsahibəsində deyib.

O bildirib ki, akademiyaya rəhbərlik etməyə başladığı ilk günlərindən büdcə hesabına maaş artımına, investisiyaya arxayın olmağın bir o qədər doğru olmadığını əsas götürüb: “Dövlət onsuz da himayə edir, diqqət göstərir. Amma akademiya özü əlavə maliyyə qazanmağa çalışmalıdır. Baxın, Qərbdə, Amerikada bütün akademiyalar, demək olar ki, büdcədən yalnız 40 faiz maliyyələşir, qalan 60 faizini mütləq bizneslə əlaqəli işlərlə, elmi tədqiqatlar, müxtəlif mövzular üzrə sifarişlərin icrası yolu ilə əldə edirlər. Ümid edirəm ki, Azərbaycan biznesi də yaxın zamanlarda üzünü elmə tərəf çevirəcək”.

AMEA prezidenti Azərbaycanda aparılan geoloji tədqiqatlara da toxunub. A.Əlizadə vurğulayıb ki, alimlər 5-8 km dərinliyə qədər geoloji quruluşu artıq tam təsəvvür edirlər: “İndi başlıca vəzifə, ilk növbədə, Azərbaycanın dərinlik geoloji quruluşunu öyrənmək, sonra ölkə ərazisindən kənarda müqayisəli tədqiqatlar aparıb geologiya elmini Qafqaz regionu istiqamətinə yönəldərək bu ərazinin geologiyasının inkişafına töhvələrimizi verməkdir. Üçüncü istiqamət Xəzər dənizinin öyrənilməsidir. Xəzər bu gün geoloqların böyük tədqiqat arzusu olan istiqamətdir. Dəniz təkinin geologiyası, neft-qaz yataqlarının inkişafı, onların quruluşu, sistemləşdirilməsi, axtarışı, kəşfi kimi məsələlər olduqca aktualdır. Əvvəlki dövrlərdən fərqli olaraq indi geoloqlarımız digər sahələrdəki həmkarları ilə - bioloqlarla, botaniklərlə, zooloqlarla təmasda işləyəcəklər. Yalnız bu halda alimlərimiz mühüm nəticələr əldə edə biləcəklər”.

Şərhlər

Məğrur Bədəlsoy, AMEA üzrə yeganə Qarabağ əlili 2018-05-15 10:16:53

AMEA -nı İşlər İdarəsi bazara çevirib. Təsəvvür edin, elmi işçi döyüşçünün ailəsi Ağdərədə döyüşdə olanda 2 körpə uşaqlı ailəsini AMEA yataqxanasından çıxarıblar. İndi də həmin yataqxananın yerində tikilən evdən Qarabağ əlili ailəsinə mənzil ayrılmadı. Amma 16 nəfər həmin yataqxanaya aid olmayan şəxs oradan mənzil alıb. Aydındır ki, bu rüşvətlə edilib. Elə 15 il qabaq işlədiyimiz Yusif Məmmədəliyev adına NKPİ-nin tikdiyi evdən də söz verilsə də mənzil ayrılmadı ki, BŞİH özünə götürüb. Ümumiyyətlə, bu necə olur, döyüşçünün ailəsi döyüşdə olanda ailəsi yataqxana otağından çıxarılır, ona ayrılmış evi hər dəfə kimsə özünə götürür? Niyə AMEA prezidenti işçiləri qəbul etmir? Niyə mənzilləri həmkarlar komitəsi yox,rüşvətxor İşlər İdarəsi bölür? 40 ildir AMEA-da işləməyimizə, gənc mütəxəssislər kimi AMEA-da işə başlamağımıza, 31 ildir burada mənzil növbəsində olmağımıza baxmayaraq, hələ də mənzilsizik. 40 ildə adi sanatoriya yollayışı da verilməyib. Şikayət edəndə isə əmək haqqı ikiqat kəsilib.Halbuki NK-nın 1994 tarixli qərarına görə əlillərin əmək haqqı üzərinə 25 faizlik artım hesablanmalıdır.AMEA -da NK qərarına, Prezidentin fərmanına, qanuna baxan yoxdur.Bunlar bilmir ki, mənzillər ilk növbədə müharibə əlillərinə verilməlidir. Nə hüquq mühafizə orqanları, nə də Hesablama Palatası özbaşınalığa hüquqi qiymət verir, nə də AMEA prezidenti. Heç qəbuluna da qadağa qoyulub.Amma əvvəlki AMEA prezidentləri Fəraməz Maqsudov, Eldar Salayev, Mahmud Kərimov anında qəbul edirdilər. Sosial ədalət olmayan yerdə hansı inkişafdan danışmaq olar? AMEA -da rüşvət bazarı, haqsızlıq hökm sürür

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol