Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, Sumqayıtda məktəb direktoru kimi çalışan Telman Adıgözəlov ifadə verib.
Zərərçəkmiş bildirib ki, A. Abbasov ona zəng edərək, görüşmək istədiyini deyib. Onun sözlərinə görə, A. Abbasov məktəb haqqında yazı yazacağını deyərək, ondan 500 manat istəyib: "Mənə hədə-qorxu gəlmədi. Sadəcə, pul istədi. Mən də pulumun olmadığını dedim və bundan imtina etdim".
Direktor deyib ki, A. Abbasov onu rüşvət almaqda, işçiləri təhqir etməkdə günahlandırıb və bu barədə qəzetdə informasiya yazacağını qeyd edib.
Qeyd edək ki, A. Abbasov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməliyyatı nəticəsində ötən ilin iyununda həbs olunub. O, 25 nəfər zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.


Şərhlər