KABAB ALMA, KİTAB AL!

Seymur VERDİZADƏ

Biz həmyaşıd olsaq da, övladlarımızın eyni ayda, hətta eyni gündə dünyaya gəlməsi təsadüf nəticəsində baş verib. O, subaylığın daşını məndən iki il əvvəl atsa da, tale bizə ata olmağın sevincini eyni gündə yaşatdı. Eyni şəhərdə, amma ayrı-ayrı xəstəxanalarda bir gündə iki əsgər doğuldu...

Pulu başından aşmasa da, oğlunu naz-nemət içərisində böyütdü. Bir yaşında qulağının dibinə siqaret qoydu, üç yaşında boynundan “sep” asdı, beş yaşında qoluna qızıl saat bağladı. Mən oğluma uşaq jurnalları alanda, o, bahalı velosiped alırdı. Biz kitabxanaya gedəndə, onlar kababxanaya gedirdilər. Axırda dözməyib dedim ki, belə olmaz, uşağın tərbiyəsini pozma. Cavabı belə oldu: “Mən çoxuşaqlı ailədə böyümüşəm. Ali məktəbə qəbul olunana kimi kafe-restoran üzü görməmişəm. İstəmirəm ki, oğlum da mənim kimi sıxıntı çəksin”.

Altı-yeddi il əvvəl qarşılaşanda, Şahindən soruşdu: “Atan sənə kabab alır?”

Dostum bir qədər pəltək olduğu üçün oğlum onun nə demək istədiyini yaxşı başa düşmədi. Əvvəl məni, sonra da onu süzüb, belə dedi: “Hə, atam mənə tez-tez kitab alır”.

Şaqqanaq çəkib güldü. Sağollaşıb ayrılanda isə belə dedi: “Arada uşağa kabab da al”.

Yay tətillərində Şahinin Azərbaycanı qarış-qarış gəzdiyini, milli mətbəximizə aid olan ən ləziz təamların hamısından daddığını ona deməyə lüzum görmədim. İndi biz təkcə ayrı-ayrı peşələrin sahibi deyildik, həm də ayrı-ayrı adamlardıq...

Oğlu ötən il orta məktəbi bitirsə də, ona tələbə atası olmağın sevincini yaşada bilmədi. İki imtahandan üst-üstə 137 bal topladığı üçün ixtisas seçmək hüququndan məhrum oldu. Biz ona təsəlli vermək istəyəndə, reaksiyası belə oldu: “Dədə-babamız oxumayıb acından ölüb? Bir obyekt açacam, başını aşağı salıb pulunu qazansın”.

Dostum obyekt açsa da, oğlu başını aşağı salıb, pul qazanmadı. Daha doğrusu, qazandığı pulun atasına bir faydası olmadı. Əvvəl 1900 manata telefon, sonra isə 2400 manata kompüter aldı. Axırda da obyekti satıb, özünə maşın aldı.

Biz ötən gün Gənclikdəki Atatürk Parkında qarşılaşanda, dostumun qaş-qabağı yerlə sürünürdü. Sözlü adama oxşadığı üçün niyə dilxor olduğunu soruşmadım. Ağzımı açmağa macal tapmamış, özü danışmağa başladı: “Bu uşaq məni öldürməsə, əl çəkməyəcək”.

Onu sakitləşdirmək üçün ağıllı arqument tapmayıb, ənənəvi üslubda müraciət etdim: “Hələ cavandır, çox şeyi başa düşmür. Bir azdan ərköyünlüyün daşını atacaq”.

Başını bulayıb, belə dedi: “Bu uşaq düzələn deyil. Səhər məni o qədər əsəbləşdirdi ki, başına iki qapaz vurdum. Hələ də əllərim ağrıyır”.

Bu dəfə əməlli-başlı narahat oldum: “Bir qədər səbrli ol. O, uşaqdır, sənə nə olub? Bu yaşda uşaqlara həssas yanaşmaq lazımdır...”

Sözümü tamamlamağa imkan vermədi: “Bilirsən, məndən nə istəyir?”

Çiynimi çəkib durdum. Dedi ki, oğlu ondan maşını üçün nömrə almağı tələb edir.

Təəccüblə ona baxdım: “Burda nə var ki? Nömrəsiz maşın olar?! Al də...”

Əlini yelləyib belə dedi: “Maşının nömrəsi var. Axırı 379-la qurtarır. Deyir ki, bu nömrəni “KamAZ” sürücüləri işlədirlər”.

Bu cür situasiya ilə ilk dəfə qarşılaşdığım üçün nə deyəcəyimi bilmirdim. Qısa pauzadan sonra sözünün davamını gətirdi: “Dostunda “zerkalnı” nömrə var. On min manata buna satmaq istəyir. Dava həmin on min manatın üstündədir”.

Araya sükut çökdü. Yanaşı addımlasaq da, heç birimiz dinib-danışmırdıq. Buna görə də yanımızdan keçən cavan atanın azyaşlı oğluna dediyi sözləri aydın eşitdik: “Ata sənə kabab alsın?”

Dostum ayaq saxladı. Qeyri-ixtiyari olaraq, mən də dayandım. Birdən o, yerindən götürüldü. Mən nə baş verdiyini anlamağa macal tapmamış, ata ilə oğlunu haqladı. Aramızda 15-20 metr məsafə olsa da, onun ərklə dediyi sözləri aydın eşidə bilirdim:

- Kabab alma, kitab al!

Mən onlara çatana kimi dostum bu sözləri yüksək səslə bir neçə dəfə təkrar etdi. Ətrafdakı insanlar maraqla bizə tamaşa edirdilər. Hamı elə bilirdi ki, dostumun başına hava gəlib. Kabab üzündən onun başına nələr gəldiyini isə ancaq mən bilirdim...

(Missiya.az)

635x100

Şərhlər

cəngərlik sakini 2018-06-12 20:17:47

həm kitab və həm də kabab olsa lap yaxşı olar.

Son yazılar