Menu

DÇ-2018: Rusiya yığması İspaniyanı məğlub edərək 1/4 finala çıxıb

01.07.2018, 21:15
DÇ-2018: Rusiya yığması İspaniyanı məğlub edərək 1/4 finala çıxıb

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Moskvadakı "Lujniki" stadionunda İspaniya və Rusiya yığmaları üz-üzə gəlib.

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 12-ci dəqiqədə rusiyalı müdafiəçi Sergey İqnaşeviç topu öz qapısına göndərib. 41-ci dəqiqədə Artyom Dzyuba penaltidən bərabərlik qolunu vurub.

Əlavə vaxtda tərəflərdən heç biri fərqlənə bilmədiyindən, penalti seriyasına müraciət olunub. Bu zaman ispaniyalı futbolçulardan Koke və Yaqo Aspasın zərbələrini rəqib qapıçı İqor Akinfeyev dəf edib. Rusiyalı futbolçuların isə bütün zərbələri qolla nəticələnib.

Beləliklə, 4:3 hesabı ilə qalib gələn Rusiya millisi sələfi SSRİ yığmasının 1966-cı il dünya çempionatındakı nailiyyətindən sonra tarixində ikinci dəfə 1/4 finala yüksəlib. Digər tərəfdən, qonşu ölkə yığması final mərhələlərində 4-cü cəhdində ilk dəfə İspaniya səddini adlamağı bacarıb.

Qeyd edək ki, Rusiya millisi 1/4 finalda saat 22:00-da başlanacaq Xorvatiya - Danimarka matçının qalibi ilə üz-üzə gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol