«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) özünün nüvə arsenalından imtina etmək niyyətində deyil və əlində olan qurğu və silahların gizlədilməsi üçün yollar arayır. Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyi (MN) kəşfiyyat idarəsinə istinadla, bu barədə «Washington Post» qəzeti yazıb.
KİV-in məlumatına görə, Şimali Koreya hakimiyyəti nüvə başlıqlarının, raketlərin, nüvə qurğularının sayı və tipini gizlətmək üçün üsullar axtarışındadır.
«NBC» əlavə edir ki, KXDR hakimiyyəti gizli nüvə obyektlərində işləri, xüsusilə də nüvə raketləri üçün yanacaq istehsalı üzrə işləri davam etdirir.
Xatırladaq ki, iyunun 12-də Sinqapurda ilk ABŞ-KXDR sammiti keçirilib və Donald Trampla Kim Çen In görüşüb. Görüşün nəticələrinə görə, liderlər sənəd imzalayıblar. Həmin sənədə görə, ABŞ öz üzərinə KXDR-in təhlükəsizliyinə zəmanət öhdəliyi götürüb, Pxenyan isə Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə sadiq olduğunu təsdiqləyib.


Şərhlər