Menu

Gülağa Aslanlı necə və niyə saxlandığına aydınlıq gətirdi

13.10.2013, 16:59
Gülağa Aslanlı necə və niyə saxlandığına aydınlıq gətirdi

Cəmil Həsənlinin MSK-kı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı bu gün üzləşdiyi qanunsuzluqla bağlı mətbuat konfransı keçirib. O, başına gələnləri nəql edib. Deyib ki, bir gün qabaq MSK ilə ora təqdim etdikləri şikayətlə bağlı əlaqə saxlamaq istəyib. Lakin onun zənglərinə qurumda cavab verən olmayıb. O, MSK-nın saxtakarlığı əks etdirən aktların əslini istəməməsində şübhələnib və bu gün səhər sənədləri quruma aparmaq qərarına gəlib.

Səhər saat 9:30 radələrində evdən çıxıb. Əvvəlcə kommunal xərcləri ödəmək üçün yaşadığı binanın kommendatının oturduğu otağa gedib. Elə buradaca 3 nəfər tanımadığı mülki şəxs onu tutaraq, özlərini təqdim etmədən və heç bir izahat vermədən zorla maşına mindirib, polis bölməsinə aparıblar.

Bölmədə də ona saxlanmasının ağlabatan bir izahatını verməyiblər. Onu saat 12:00-a qədər bölmədə saxlayıb, sonra sərbəst buraxıblar. Həmin vaxta qədər isə MSK Cəmil Həsənlinin saxtakarlıqlarla bağlı şikayətinə baxıb və aktların əslinin olmadığını əsas götürərək şikayəti rədd edib.

G.Aslanlı hesab edir ki, onun saxlanması MSK və polislə birgə qurulmuş əməliyyatdır. Məqsəd ona saxtakarlıqla bağlı aktların əsillərini MSK-ya çatdırmağa imkan verməmək olub.

Cəmil Həsənlinin Seçki Qərargahının həmsədri Həsən Kərimov isə deyib ki, saxtakarlıqla bağlı əldə etdikləri sübutlar yalnız MSK-yə təqdim etdikləri aktlardan ibarət deyil. Yerlərdən saxtakarlığı sübut edən sənədlər və videomateriallar gəlməkdə davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol