Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müavini, faktiki olaraq mer vəzifəsini icra edən Eldar Əzizov bir neçə gün əvvəl təxminən 40 dəqiqə ərzində Bakını gölə çevirən leysan xarakterli yağışın törətdiyi fəsadlarla bağlı açıqlama verib.
Eldar Əzizov modern.az-a açıqlamasında bildirib ki, sentyabrın 23-də yağan yağış müəyyən mənada lokal xarakterli təbii fəlakətdir: “Həmin vaxt Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də açıqlama verildi. 45 dəqiqə ərzində bir aylığın 122 faiz norması yağış yağıb. Zəif yerləri də müəyyən etdik, artıq tapşırıq verilib. Komissiya bu cür problemlərin yaşanma ehtimalı yüksək olan ərazilərdə araşdırma aparır. Çalışırıq və istəyimiz odur ki, gələcəkdə bu cür vəziyyətdən özümüzü sığortalayaq”.
Eldar Əzizov şəhərin mərkəzindəki ərazilərin satılaraq, yerində çoxmərtəbəli binaların tikilməsinin bu problemi daha da artırdığı barədə deyilənlərə də münasibət bildirib: “Gəlin tələsməyək, komissiya yaradılıb, səbəbləri araşdırırlar. Yekun rəylə bağlı rəsmi açıqlama olacaq. Hadisələri qabaqlayıb məsələnin nədən ibarət olduğunu demək olmaz. Amma məlumdur ki, Almaniyada və digər Avropa ölkələrində də bu cür hadisələr baş verir. Ona görə biz səbəblərin obyektiv və subyektiv tərəflərini ayırmalıyıq”.
E.Əzizov Meriyanın hadisə ilə bağlı açıqlamasında “Azərsu” ASC-nin kollektorları gec işə salması ilə bağlı ittihamına da aydınlıq gətirib: “Burada komissiyanın rəyi daha əhəmiyyətlidir. Məsələdə “Azərsu”, yaxud digər strukturların müəyyən payları ola bilər. Amma yekun nəticə üçün komissiyanın rəyini gözləməliyik. Qabaqlayıb yalnış məlumat verə bilmərəm”.
Xatırladaq ki, sentyabrın 23-də Bakıda yağan intensiv yağışlar nəticəsində bir sıra fəsadlar yaranmış, şəhərin bəzi ərazilərini, küçə və prospektlərini, bir sıra binaların zirzəmilərində yerləşən obyektləri su basmışdı.


Şərhlər
pay atonnan ,AVROPADA,ALMANIYADA PARKLARDA EV TIKIRLER.VALLAH GULMELIDI......INKIWAF ETMEK OLAR.EJDER OL CANI.BIZ ANALOQU OLMAYAN DOVLETDE YAWAYIRIQ