"Başlanan demokratiyaya keçid prosesini sona kimi davam etdirməliyik”
Seçki kampaniyasının təbliğat-təşviqat dövründə işlərin həddən artıq sıxlığı səbəbindən Milli Şuranın sessiyası keçirilmədi. Sonuncu sessiyadan bir aydan artıq vaxt keçir. Seçki isə artıq arxada qalıb. Bəs, Milli Şuranın seçkilərə qiymət vermək və növbəti addımları müəyyənləşdirmək üçün sessiyası keçiriləcəkmi? Keçiriləcəksə, nə vaxta planlaşdırılıb?
Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov musavat.com-a bildirib ki, Milli Şuranın sessiyasını keçirmək üçün heç bir problem yoxdur. Sadəcə, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin bu gündən Avropaya səfəri başlayıb və bu səfərin yekunlaşmasını gözləyirlər: “Cəmil Həsənlinin Avropaya səfər etməsinə görə biz bir neçə gün gözləməli olacağıq. Cəmil Həsənli oktyabrın 18-dək Avropada səfərdə olacaq. Bakıya qayıdandan sonra Milli Şuranın sessiyası keçiriləcək. Biz hesab edirik ki, Milli Şuranın seçkiyə qiymət verməsi və gələcək addımları müəyyənləşdirmək üçün keçirilən sessiyasında Cəmil Həsənlinin iştirakı vacibdir. Ona görə də Cəmil müəllim Avropadan qayıdan kimi biz sessiyanı çağıracağıq. Biz gələcək addımlarımızı müzakirə edib başlanan demokratiyaya keçid prosesini sona kimi davam etdirməliyik”.
E.Namazov bildirdi ki, sessiyaya qədər Cəmil Həsənlinin seçki qərargahında yaradılmış beyin mərkəzində müzakirələr aparılacaq: “Milli Şuraya daxil olan partiyalarla, komissiya sədrləri ilə məsləhətləşmələr aparacağıq, baş verən hadisələri operativ qiymətləndirib işimizi davam etdirəcəyik”.


Şərhlər