"Bakı şəhərində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmini, avtomobil yollarında süni sıxlığın, ləngimələrin, tıxacların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir".
"Report" xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik Vaqif Əsədov bildirib.
O deyib ki, yeni tədris ilinin başlanması, orta və ali təhsil ocaqlarına bitişik küçə və prospektlərdə hərəkətin intensivliyini nəzərə alaraq, hərəkət iştirakçılarının təhlükəsizliyi diqqət mərkəzində saxlanılır: "Bu məqsədlə sıxlığın müşahidə olunduğu ərazilərdə - yol ayrıclarında, piyada keçidlərində tərəfimizdən hərəkətin tənzimlənməsi üçün günün pik saatlarında əlavə naryadlar cəlb olunur.
Orta məktəblərin yerləşdiyi ərazilərdə, yaxud onlara yaxın yollarda yeraltı və yerüstü piyada keçidlərinin yaxınlığında, piyadalar üçün keçid zolaqlarında mütamadi olaraq reydlər keçirilir, qadağan olunan yerlərdən piyada hərəkətinin qarşısını almaq üçün profilaktiki iş aparılır. Eyni zamanda, sürət həddinin aşılması, yolayrıclarının keçilməsi və ötmə qaydalarının pozulması hallarına yol verən, avtomobilləri sərxoş halda idarə edən sürücülərə qarşı mübarizə tədbirləri diqqətdə saxlanılır".
V.Əsədovun sözlərinə görə, aparılan araşdırma və təhlillər göstərir ki, süni sıxlıq, ləngimələr, tıxac yaradan hallara səbəb olan əsas inzibati xətalar sırasında “dayanma-durma”, “parklanma” qaydalarının tələblərinə etinasız yanaşmadır: "Hər bir hərəkət iştirakçısı, xüsusilə sürücülər nəzərə almalıdır ki, bu etinasızlıq, biganəlik yollarında süni sıxlıq, ləngimə və tıxac yaradır. Bu halları aradan qaldırmaq, hər birimizin hüquq və vəzifəsi olmaqla qalmır, ictimai, həm də sosial məsuliyyətidir. Hər bir hərəkət iştirakçısı – sürücü, piyada yollarda digər insanların qanunla qorunan maraqlarına ehtiramla yanaşmalıdırlar".


Şərhlər
Vaqif bəy,bəlkə hərəkətin təşkilində qüsurlar var?Hərəkət istiqamətləri düzgün,yəni hərəkət sıxlığına əsasən istiqamətləndirilməyib?Axı belə hal küçələrin yüklənməsindən hiss olunur.Nazirliklərin avtomobilləri nazirlik,idarələr önündə dayanaraq yolu sanki 70-80 % bağlayırlar.Buna tədbir görülmür.Hərəkət sıx olan yollarda qadağan nişanı qoymaqla iş bitmir.Onların təsir etməsinə nəzarət olmur.Bunları düşünmüsünüzmü?İşləmək lazımdır,danışmaq nəticə vermədiyini görürsünüz.Bəs niyə irəliləyiş yoxdur?