Rəy sorğusu hakim partiya və xüsusilə Medvedevlə bağlı maraqlı nəticələr verib
"AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, İctima Rəy Fondu tərəfindən ölkədə keçirilən son sorğu, hakim "Vahid Rusiya" Partiyası və onun rəhbərliyinə dəstək verən vətəndaşların sayının xeyli azaldığını üzə çıxarıb.
RBC-nın yayımladığı nəticələrə görə, son prezident seçkisi ilə müqayisədə hakim partiyanın reytinqi 20 faiz aşağı enib. Bu, 2008-ci ildən bu yana sözügedən partiya üçün ən pis nəticədir. Təkcə son həftədə bu göstərici 3 faiz azalıb. Nəticələrə görə, hazırda seçicilərin yalnız 31 faizi rəsmən D.Medvedevin rəhbərlik etdiyi Putinin partiyasına səs verməyə hazırdır. Əvəzində, Kommunist Partiyasının reytinqi 9 faizdən 14 faizə, V.Jirinovskinin partiyasının göstəricisi isə 8 faizdən 14 faizədək yüksəlib.
"Vahıd Rusiya" ilə yanaşı Dmitri Medvedevə də münasibət xeyli pisləşib. Rəyi soruşulanların 63 faizi baş nazirə etibar etmədiklərini söyləyiblər.
Rusiyanın müxtəlif ərazilərini əhatə edən 207 yaşayış məntəqəsində aparılan sorğunun nəticələri göstərib ki, 2018-ci ilin martında keçirilən prezident seçkisilə müqayisədə, hazırda ölkə başçısı Vladimir Putinin reytinqi 66 faizdən 45 faizə enib. Sonuncu dəfə belə zəif göstərici 2013-cü ildə qeydə alınıb.
Mütəxəssislər hakim partiya və onun rəhbərliyinə münasibətin kəskin şəkildə pisləşməsini bir neçə amillə bağlayırlar ki, onların da içərisində ən əhəmiyətlisi pensiya qanununa edilən dəyişikliklər hesab olunur.


Şərhlər