«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In və Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo denuklearizasiya məsələləri üzrə işçi qrupun yaradılması barədə razılığa gəliblər, eyni zamanda, amerikalı müfəttişlərin KXDR-nın nüvə obyektlərinə giriş imkanlarını müzakirə ediblər.
Bu barədə, Cənubi Koreya prezidenti Mun Çje İnın Pompeo ilə görüşünün yekunlarına həsr olunmuş və bazar günü prezident administrasiyası tərəfindən yayılmış bəyanatda söhbət açılır.
«Şimali Koreya və ABŞ işçi qrupu formalaşdıracaq. Qrup Koreya yarımadasının denuklearizasiyası və yeni ABŞ-KXDR sammitinin keçirilməsi məsələlərini müzakirə edəcək» - xəbərdə belə deyilir.
Bundan başqa, qeyd olunur ki, Pompeo və Kim Çen In amerikalı müfəttişlərin KXDR-nın nüvə obyektlərinə giriş imkanlarını müzakirə ediblər.
Verilən xəbərə görə, Pompeo Mun Çje İnə danışıb ki, Kim Çen Inla hansısa «qarşılıqlı addım»ı müzakirə edib. Cənubi Koreya ekspertlərinin fikrincə, bu, Vaşinqtonun kompromisə hazır olmasını əks etdirə bilər - məlumdur ki, bundan əvvəl Vaşinqton KXDR-a qarşı sanksiyaların tam denuklearizasiyaya qədər qüvvədə saxlanmasını israr edirdi.
Dövlət katibi həm də xəbər verib ki, Kim Çen Inla görüş «yaxşı və məhsuldar» keçib. O, qeyd edib ki, denuklearizasiya məsələsində «Seul olduqca əhəmiyyətli rol oynayır».


Şərhlər