Menu

ACP-yə 3 min, AXCP-yə 2500 dollar

14.10.2013, 12:51
ACP-yə 3 min, AXCP-yə 2500 dollar

Eks-spiker Rəsul Quliyev lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) qərargahının onlardan geri alınaraq, AXCP-yə verilməsinə münasibət bildirib. Modern.az saytına açıqlamasında R.Quliyev bu qərarın ofis sahibi tərəfindən verildiyini qeyd edib:

“Bu barədə fikir söyləmək həm çətindir, həm də asan. Qərarı binanın sahibi qəbul edib. Ola bilər ki, müəyyən maliyyə üstünlüyünə görə o, bu qərarı qəbul edib. Yəni bu məsələdə hər hansı bir çoxgedişli siyasətin olmağını düşünmürəm”-deyə eks-spiker məsələnin mahiyyətini açıqlamaqdan çəkinib.

Qeyd edək ki, AXCP-nin icarəyə götürdüyü ofis iş adamı Azər Əsgərova məxsusdur. R.Quliyevin lideri olduğu ACP bu ilin avqust ayında həmin ofisdən çıxarılıb. Qərargah bir neçə gün öncə AXCP-yə verilib.(modern.az)

ACP-nin qərargahdan çıxarılması sırf maliyyə məsələsi ilə bağlı olub. Çıxarılmazdan əvvəl ACP-nin sahibkara 2 aylıq icarə borcu olub. Onun bir ayını həmin vaxt bu qərargahdan istifadə edən "EL" hərəkatının rəhbəri Eldar Namazov ödəyib.

Üstəlik A.Əsgərov ailəsində gözlənilən xeyir işini əsas göstərərək xahiş edirmiş ki, 2 aylıq icarə haqqını da əvvəlcədən ödəsinlər. Lakin maliyyə böhranı ilə üzləşmiş ACP bu xahişi yerinə yetirmək iqtidarında olmayıb. AzPolitika.info-ya verilən məlumata görə, R.Quliyevin mülk sahibini "Orda nə bazar açıbsan" deyə azarlamasından sonra münasibətlər gərginləşib və ACP-yə mülkü boşaltmaq haqda ultimatum verilib.

Yəni ofisin daha çox icarə haqqına görə AXCP-yə verilməsi məsələsi düzgün deyil. Hətta dəqiqləşmiş məlumata görə, AXCP ACP-dən də az icarə haqqı ödəyəcək. Belə ki, ACP aylıq 3 min dollar icarə haqqı ödəyirdisə, AXCP cəmi 2500 dollar ödəyəcək.

Yeri gəlmişkən, mülk sahibi Azər Əsgərov ACP-nin üzvüdür.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol