Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə bu ölkədəki sabiq səfirimiz Tələt Əliyev arasındakı qarşıdurma səngimək bilmir. A.Xudiyevin T.Əliyevin 2001-10-cu illərdə səfir olarkən 2,4 milyon yeyintiyə yol verməsi barədə ittiham irəli sürməsi və bununla bağlı Ukraynanın Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət etməsi qalmaqala çevrilib.
Artıq Azərbaycan XİN bu məsələ ilə bağlı araşdırmalara başlayıb. Bu barədə uzun illər Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuş, hazırda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

Sabiq XİN rəhbəri səfirimizin Ukraynanın erməni əsilli daxili işlər nazirinə müraciətinə də mövqe bildirdi: “Burada erməni faktorundan əvvəl qanunlara riayət olunmalıdır. Erməni və ya digər millətin nümayəndəsi olması burada əsas deyil. Əsas olan bizə aid olan hüquqların kiməsə verilməsidir. Dövlətimizə aid suveren hüquqlar var. Nəyə görə sən bu suveren hüquqları kiməsə verirsən? Səfirin də hüquqları var. Amma səfir məhkəmə, müstəntiq ola bilməz. Təəssüflər olsun ki, nazirlikdən gizli şəkildə belə bir addım atılıb. Təlimat yoxdursa, bu çox ciddi bir səhvdir. Tələt Əliyev və Azər Xudiyevin fəaliyyətindəki nöqsanların bu və ya digər şəkildə ictimailəşməsi mümkündür. Xarici İşlər Nazirliyi elə bir qurumdur ki, nöqsanları gərək xidməti imkanlar daxilində araşdırsın və sonra nəticə çıxarsın. Mən hər iki şəxsin yaxşı və ya pis işləmələri barədə nəsə deyə bilmərəm. Bu mənim təbiətimdən də uzaqdır. Bunlar qanunazidd fikirlər də ola bilər. Ciddi yoxlamalardan sonra addımlar atılır. Səfir özbaşına maliyyə yoxlaması keçirə bilməz. Araşdırmalardan sonra Azər Xudiyevin geri çağırılıb-çağrılmayacağı yönündə hər hansı bir fikir söyləyə bilmərəm. Qanuna riayət edərkən bu məsələni qanun çərçivəsində həll etmək lazımdır”.


Şərhlər
Hörmətli Tofiq müəllim! Elə bilirsiniz səfir işləyənlərin hamısının qanunlardan xəbəri var. Onların əksəriyyəti təmsil etdikləri ölkənin qanunlarını lazımi səviyyədə bilmir. ona görədə belə xoşagəlməz hadisələr basş verir.