Daxili İşlər Nazirliyi Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqovun həbsinin səbəblərinə aydınlıq gətirib.DİN-in Mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə müsavat.com-a açıqlamasında deyib ki, bəzi KİV-də Əbülfəz Sadıqovun barəsində həbs qətimkan tədbiri seçilməsinin siyasi motivli olması haqda yazılanlar əsassızdır: “Əbülfəz Sadıqov konkret cinayət əməli törətməkdə şübhəli bilindiyinə görə barəsində həbs qətimkan tədbiri seçilib. Belə ki, “Nikoil” İnvestisiya və Kommersiya Bankı DİN-ə ərizə ilə müraciət edərək, Əbülfəz Sadıqovun ipoteka predmeti olan avtomobili saxta sənədlər əsasında satmaqla banka xeyli miqdarda ziyan vurduğunu göstərib. Bank DİN-dən məsələyə hüquqi qiymət verilməsini və ziyanın ödənməsini xahiş edib. Bununla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılan araşdırmalar zamanı müəyyən olunub ki, Əbülfəz Sadıqov 21 iyul 2015-ci il tarixdə “Nikoil” Bank ilə kredit müqaviləsi bağlayaraq avtomobili ipoteka yüklü edib. Təqribən 2 il sonra - 21 may 2017-ci il tarixdə Əbülfəz Sadıqov həmin nəqliyyat vasitəsinin girovdan azad edilməsinə dair özü və digər şəxslərlə birlikdə saxta sənəd hazırlayaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə təqdim edib. Sözü gedən avtomobil girovdan azad edildikdən sonra satılıb və nəticədə Əbülfəz Sadıqov banka 22,5 min manatdan çox ziyan vurub. Bununla bağlı 2018-ci il noyabrın əvvəlində Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Əbülfəz Sadıqov haqda yazılarda iddia edilib ki, guya oun banka olan borc ödənilib. Amma bunlar təsdiqini tapmır. Araşdırmalarla müəyyən olunub ki, banka cədvəl üzrə olan borc ödənməyib, bu haqda iddiaların da heç bir əsası yoxdur. Əbülfəz Sadıqov təyin olunmuş cədvəl üzrə bu müddət ərzində yalnız bir dəfə cəmi 300 manat məbləğində ödəmə edib”.
O.Mansurzadənin sözlərinə görə, müvafiq ekspertiza tərəfindən müəyyən olunub ki, Əbülfəz Sadıqov sözügedən avtomobili saxta sənədlə girovdan azad etdikdən sonra bir qohumunun adına rəsmiləşdirib: “Həmin adam da avtomobili satdıqdan sonra pulu Əbülfəz Sadıqova verib. Əbülfəz Sadıqov bundan sonra da banka heç bir ödəniş etməyib. Xətti və texniki ekspertizaların rəyləri, şahid ifadələri və digər ciddi dəlil-sübutlarla Əbülfəz Sadıqovun bu cinayəti törətdiyinə dair əsaslı şübhələr olduğundan onun barəsində həbs qətimkan tədbiri seçib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Onun həbsində guya siyasi motivlərin olması haqda deyilənlər tamamilə əsassızdır, ictimaiyyəti çaşdırmaq cəhdidir”.


Şərhlər