“Yarım milyard qaz istifadəçisi olan Avropa bizim üçün cəlbedicidir”
İRNA agentliyinin yaydığı xəbərdə deyilir ki, İran Nabucco kəməri ilə öz qazını Avropa bazarına çıxara bilər. İranın Neft nazirinin müavini Əli Məcidi bu barədə bazar günü açıqlama verib.
İRNA-ya danışan dövlət rəsmisi bildirib ki, Avropa qaz təminatını daha təhlükəsiz hala gətirmək üçün alternativ variantlar üzərində işləyir. İran isə dünyanın ən böyük qaz istehsalçılarından biridir və nəhəng qaz ehtiyatlarına sahibdir.
Əli Məcidi vurğulayıb ki, Qərbin İrana tətbiq etdiyi sanksiyalar yüngülləşdirildikdən sonra İran Avropadakı tərəf-müqabilləri ilə qaz daşınmasında da ciddi irəliləyişə nail olmaq üçün birgə çalışa bilər: “İran qazının Avropaya daşınması üçün müxtəlif xəttlər var. Türkiyə, İraq, Suriya, Qafqaz və Qara dəniz variantlarından istifadə etmək olar. Ancaq bizim ücün ən münasibi Türkiyədən keçən qaz kəmərindən istifadədir ”.
Nazir müavini qeyd edib ki, İran qazı olmadan Nabucco öz əhəmiyyətini itirəcək. Azərbaycanın Xəzərdəki Şah Dəniz 2 yatağından ixrac edəcəyi qaz Nabucco kəməri üçün çox azdır.
Yarım milyard qaz istifadəçi olan Avropa İran üçün çox cəlbedicidir və yalnız İran qazı Rusiya qazı ilə rəqabət aparmaq gücündədir.


Şərhlər