Menu

180 MİNLİK "BMW" "QAÇQINKOM"UN HARASINA YARAŞIR?! – İslahat israfçılıq demək deyil...

27.01.2019, 09:50
180 MİNLİK "BMW" "QAÇQINKOM"UN HARASINA YARAŞIR?!  – İslahat israfçılıq demək deyil...

Hər kəsə bəllidir ki, Azərbaycanda yüksək vəzifə bir çox fəzilətlərlə yanaşı, bahalı mebelli böyük kabinet və par-par yanan xidməti avtomobil deməkdir. Təbii ki, bütün bunlar vəzifəyə təyin olunan məmurun cibi yox, dövlətin vəsaiti hesabına təmin olunur. Ona görə də, bir çox hallarda bu və ya digər qurumun idarəetmə və təsərrüfat xərcləri özünü fantastik rəqəmlərdə ifadə edir, bəzən də korrupsiya araşdırması predmetinə çevrilir.

Bugünlərdə mətbuatda bəzi büdcə təşkilatlarına dövlət satınalmaları xəttilə alınan bahalı avtomobillərin siyahısı dərc edilmişdi. Siyahıda adı və əhəmiyyəti geniş ictimaiyyət üçün az qala heç bir məna kəsb etməyən qurumlar var. Məsələn, Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi Üzrə Dövlət Müfəttişliyi üçün alınan iki xidməti avtomobilə 106 min 200 və 72 min 700 manat olmaqla, cəmi 200 min manata yaxın pul ödənilib. Yaxud, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi "Təhlükəli Tullantılar" MMC-yə 140 min manat (!) qiyməti olan 1 ədəd "Toyota Land Kruiser" avtomobili alınıb.

Bir soruşan varmı ki, bu qurumlar ölkəyə hansı məbləğdə xeyir veriblər ki, onlara bu bahalıqda maşınlar alınır? Lap tutaq ki, bu təşkilatlar hansısa ciddi əhəmiyyətə malikdirlər. Hətta bu halda da, daha ucuz marka və modellərdə minik avtopmobilləri almaq olmazdımı? Böyük ehtimalla həmin avtomobillər sözügedən qurumlara rəhbərlik edənlərin xidməti maşınlarıdır. Hansı ki, hələ 2016-cı ilin yanvar ayında Azərbaycan prezidenti məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş avtomobilləri tövsiyə etmişdi. Bir tərəfdən ölkə rəhbərliyi səviyyəsində idarəetmə aparatının təkmilləşdirilməsi, xərclərin azaldılması tapşırığı, digər tərəfdən də əhalinin vergiləri və neft gəlirləri hesabına formalaşan büdcəyə münasibətdə bu israfçılıq və bər-bəzək, komfort, lüks həyat yarışı...

Təəssüf ki, bu israfçılıq və dəbdəbə yarışına qoşulanlar sırasında Azərbaycanın Qarbağ və Qərbi Azərbaycan kimi böyük dərdlərinin əsəri olan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də var. Komitəyə ötən il 179 min 444 manat qiymətində bir ədəd "BMW 740 Lİ" markalı xidməti avtomobil alınıb. Əslində, bu faktı şərh etməyin özü utancvericidir. Çünki modelindən və qiymətindən bəlli olur ki, bu lüks avtomobil böyük ehtimalla komitənin sədri üçün nəzərdə tutulub.

Xatırladaq ki, ötən il "Qaçqınkom"un rəhbərliyi dəyişdirildi və sədr vəzifəsinə deputat Rövşən Rzayev gətirildi. Bu təyinatdan əvvəl uzun illər həmin quruma rəhbərlik edən Əli Həsənov isə bu komitədə yaratdığı korrupsiya bataqlığı və nəvəsinin təxminən 200 min civarında qiyməti olan maşını ilə şəhərin mərkəzində qaçhaqov oynayanda törətdiyi ağır qəza ilə yadda qaldı. Və hamı da bu maşının alışında "qaçqın pullarının" payı ilə maraqlandı...

sedr

Əli Həsənovun əvəzinə sədr postuna gətirilən Rövşən Rzayev isə daha çox islahatçı komandanın nümayəndəsi kimi tanınır. Ancaq bu bahalı lüks avtomobildən istifadə edilməsi onun "islahatçı" imicini kölgə altına almış olmurmu? Axı islahat və israfçılıq sözləri zahirən bir-birinə oxşasalar da, mahiyyətcə tamamilə fərqli və bir yerə sığmayan anlayışlardır. Xüsusilə də "Qaçqınkom" kimi missiyası bəlli bir qurumda dəbdəbə, komfort və lüks anlayışları öndə gələ bilərmi?

Görəsən, hələ də bir xeyli hissəsi antisanitariyanın tüğyan etdiyi, adi məişət şəraitinin olmadığı yataqxanalarda ağır sosial vəziyyətdə yaşayan insanlarla işləyən bir qurumun rəhbəri az qala 200 min manat qiyməti olan maşına oturmağı özünə necə rəva bilir? Bu avtomobili uzaqdan görən qaçqının ağlına gələn birinci söz "toxun acdan nə xəbəri" deyilmi? Görəsən, ümumiyyətlə "od qiymətinə" olan bu lüks maşının pəncərəsindən əyin-başı və daxmasındakı "var-dövləti" heç onun bir təkərinin qiyməti qədər olmayan qaçqın, həmin qaçqının dərd-səri necə görünür? Axı 180 minlik "BMW" "Qaçqınkom"un nəyinə, harasına yaraşır?

Bir sözlə, hamı bilir və "Qaçqınkom"a rəhbərlik edənlər də bilməmiş deyillər ki, bu qurum kefdən yox, əlacsızlıqdan yaradılıb - el-obasından, ev-eşiyindən didərgin düşənlərin dərdinə az da olsa əlac etmək üçün, kimlərəsə lüks həyat tərzi təmin etmək üçün yox...

Cəlal MƏMMƏDOV

AzPolitika.info

Şərhlər

Moshu 2019-01-27 09:50:56

İlk növbədə "Azpolitika"ya dərin təşəkkürümü bildirirəm. Bir kəndin ağızdan avara bi sakini olur, qarşısına çıxanın ağzını-üzünü yağlayarmış. Əhali kəndxudaya müraciət edir ki, bu ağızdan avaranın qarşısını alsın. Kədnxuda həmin sakini dəvət edir və iradını bildirir və çuxasını çıxarıb ona bağışlayır və deyir bu gündən biz qardaşıq, sən kəndxudanın dostu kimi söyüşlərə son qoyursan. Bunlar bütünməclislərdə bir yerdə olurlar. Bir müddət bu insan söyüşü tərgidir, kəndxuda ilə oturub-durur, məclislərə bir yerdə gedirlər, xeyir-şərdə bir yerdə olurlar, camaatın da canı söyüşlərdən qurtarır. Qış aylarının birində çaxtalı gündə söyüşkənlə kəndxuda kəndə nəzarət etmək üçün kənd yuxarı gəzişirmişlər. Onlarla üz-üzə həmin kənddən olan bir başqası gəlirmiş. Səhər-səhər tələmtələsik dovğa yeyəndə yemək onun saqqalına tökülür, elə bu formada da iş dalınca gedir. Kəndxuda ilə söyüşkən bu dovğa yeyənlə qarşılaşırlar. Saqqala tökülmüş dovğa şaxtada çox eybəcər görünür. Söyüşkən kəndxudaya bir anlığa ayaq saxlamağı xahiş edir, çuxanı əynindən çıxarıb kəndxudaya qaytarır və deyir, səninlə dost olmaq mənim üçün şərəfdir, qardaşıq, amma icazə ver bu yaramazın saqqalına söyüm. Dostlar, bu məmləkətdə nə qədər saqqallarına söyüləsi insanlar var. Haradan tapıb bu nadürüstləri iş başına gətitirlər? Bunların yerləri ən yaxşı halda Kürdəxanıdır. Bütün yazılarımda qeyd edirəm, elə bil hansısa qara əl bütün bu işlərə rəhbərlik edir və məmləkəti gözdən salır.

malik 2019-01-27 09:50:56

İslahatçı yeni qaçqınkom sədrinin fəaliyyəti ilə bağlı baxa bilərsiniz!

https://www.youtube.com/watch?v=B1LRfDYrSjY

Yazıq qaçqın və məcburi köşkünlərlar!

jurnalist 2019-01-27 09:50:56

Hörmətli Alı müəllim, AZPOLİTİKA heç də bütün şərhləri vermir. Mənim 3-cü şərhimi nəyə görəsə vermədilər. Yəqin admin də Qaçqınkomun ictimai şurasının sədrini tanıdığı üçün.

Həmid 2019-01-27 09:50:56

Hörmətli jurnalist, Siz özünüz də bilirsiz ki, bu qurum yarananda təyinatına görə əsir-yesir düşmüş vətəndaşlarımıza kömək məqsədi ilə yaranmışdır.İndi isə Sizin məntiqinizlə desək bu qurum kimlərəsə lüks həyat tərzi təmin etmək üçün gəlir mənbəyinə çevrilib. Allah bu nəfsi ilə bacarmayan adamların gözlərini doydursun, təzə Qaçkınkom da onların içində.

Natiq 2019-01-27 09:50:56

Məmurlar hamısı gələndə belə olacaq.Çünki bunlar nəyə görəsə heç kimdən çəkinmirlər...

Reshad haciyev 2019-01-27 09:50:56

Millet,xalq,insanliq anlayishi bizim memurlara ziddir. .Allah komek oldun qoy yigsinlar hec kim bu dunyadan hec ne aparmayib.

jurnalist 2019-01-27 09:50:56

Rövşən müəllimin ictimai şuraya təyin etdiyi sədr onun parlamentdən dostu, tanınmış saylardan birinin baş redaktorudur (adını yazmaq istəmirik, hamı onu tanıyır).Yəqin şura üzvləri də şuşalılar və qohumlardır! İslahatçı sədr həqiqətən islahat edib, analoqu olmayan seçki "keçirdib".Kimlərdənsə qorxub, gizlin təyinatla guya seçki keçiridiblər. Görəsən, nədən qorxub? Yəqin qorxub ki dostu şuraya seçilməz. Ola bilsin ki əvvəldən ona söz veribmiş. Bu "seçki" sosial şəbəkələrdə böyük hay-küyə səbəb oldu.

Alı 2019-01-27 09:50:56

Elə bu anda MƏHƏBBƏT KAZIMOVUN ifasında LAÇINIM mahnısinı dinləyən, bagrı qanla dolmuş qaçqının bu mövzuya dair nə şərh verə biləcəyinizi sözləri yaza bilməsəm də təsəvvur edə biləcəyinizi arzu edərdim.

jurnalist 2019-01-27 09:50:56

180 minlik maşında gəzən yeni qaçqınkom sədri Azərbaycanda analoqu olmayan ictimai şuraya seçki "keçirdib". Seçki keçirilməyib, ancaq sözün əsl mənasında gizlincə ictimai şura yaradılıb. Qaçqınkomdan fərqli olaraq bütün nazirlik və komitələr saytlarında ictimai şura ilə bağlı elan verir və sonra seçki keçirdirlər. lakin islahatçı sədr nə elan verib, nə də seçki keçirdib, nə də bu günə kimi komitəninin saytında tanışlarından yaratdığı ictimai şuranın sədri və üzvləri haqda məlumat belə verməyib.Görəsən niyə?

Sabir 2019-01-27 09:50:56

1 milyon qaçqını dövlətin olan QAÇQINKOMUN sədri ən azı 1000000 manatlıq maşında gəzməli və qaçqınların qarşısına çıxmalıdır ki, qaçqınlar dövlətimizin qüdrətindən TƏƏCCÜBDƏN AYIL MAYIL OLSUNLAR və sırazı və ya heç olmasa 5-10 dəqiqə onlar özlərini dögma torpaqlarında hiss etsinlər....

QAÇQIN 2019-01-27 09:50:56

QAÇQINKOMDA MİNİK ABTOMOBİLİ YOX İMİŞ Kİ,YENİSİ ALINIR? bƏS ƏVVƏLKİ ABTOMOBİL NECƏ OLUB? ÖZƏLLƏŞDİRLİB? bU ÖLKƏDƏ HAKİMİYYƏT YOXDUR Kİ, BELƏ ÖZBAŞINALIQLAR OLUR?AXI ƏLİ HƏSƏNOV PİYADA GƏZMİRDİ,ONA MİNİK AVTOMOBİLİ XİDMƏT EDİB.BƏS O AVTOMOBİL KİMƏ XİDMƏT EDİR?L

QULU 2019-01-27 09:50:56

HEÇ NƏ DEMİRƏM.BU KOMİTƏ SƏDRİNİN BÜTÜN ŞƏKİLLƏRİNİ ARAŞDIRİN VƏ BAXIN Kİ, BU ADAM QARŞISINDAKINA NECƏ BAXIR? HANSISA NİFRƏT ETDİYİ BİR EPİZODA BAXMIŞ KİMİ.İNDİ BUNDAN NƏ GÖZLƏYİRSİNİZ.QARABAGLIDIR SİZƏ KÖMƏK EDƏCƏK.BU BAHAR MURADOVADAN,AQİL ABBASDAN ARTIQ QARABAGLI OLACAQ?KÜL OLUB BAŞINA AY QARABAGLI.İRADƏ TUNCAY 100 min dəfə AQİL kimisindən və bir də kimisindən ARTIQ QARABAGLIDIR VALLAH.NƏYSƏ BİR AZ DÜŞÜNÜN VƏ GÖZLƏYİN BUNDAN BETƏRİN NƏ VAXT TAPACAQLAR.

malik 2019-01-27 09:50:56

Yeni sədr Əli Həsənovun adamlarını Qaçqınkomdan çıxardıb həmyerliləri olan şuşalıları və qohumlarını yerləşdirməklə islaht apardığını göstərmək istəyir. 21 manat dövlət tərəfindən verilən çörək pulu ilə "yaşayan"əslində acından ölən məcburi köçkünlər var. 180000 minlik maşında gəzməkdənsə onların çörək pulunu artırsın, güzəranlarını yaxşılaşdırsın.İndi də Rövşən Rzayevin qohumları olan şuşalılar Qaçqınkomu yeyib dağırdır. Hələ yeni qəsəbələrə cəbrayıllıların yerinə qoyduğu Şuşalı komendantları demirəm!

Alı 2019-01-27 09:50:56

elə bildik yeni nazirlər heç olmasa əvvəlkindən bir az yaxşı olar.Amma 10 ildir ki, gedənlərin öləninə rəhmət oxuttururlar.Belə məlum olur ki,hansı nazir dəyişmirsə deməli ondan betərini hələ tapa bilməyiblər.betərini tapan kimi dəyişəcəklər.ÖL AY MİLLƏT CANIN ÇIXSIN.

alı 2019-01-27 09:50:56

Bura təyin olunmuş rəhbərin dövlətçilik təfəkkürünün sadə nümayişidir.Belələri düşünür ki, nə qədər qeyri adi görünüş yaratsalar insanlar onlara bir o qədər hörmətlə yanaşacaq.Hamısı vəzifə sahibi olan gün özünü PADİŞAH qiyafəsində görmək üçün nə mümkünsə onu edir.Bu ölkədə nə qədər nazir və komitə sədri varsa o qədər də PADİŞAHLIQ iddiası var.Çünki o vəzifəyə təyin olunanların heç biri aglına, təcrübəsinə, xüsisi idarəetmə bacarıqlarına görə deyil dövlət idarəetməsinə zidd olan nə varsa əksinə olanlardır.

o.b.n 2019-01-27 09:50:56

Onlar bilsədiki,vəzifə müddəti məhduddur,vəzifə gəlir mənbəyi yox,vətandaşa xidmət üçündür,onda yerli istehsadan olan maşın alardılar ki,xeyir vətənə qalsın.Nə yazıq ki,bir ətək pul töküb vəzifənı özəlləşdiriblər kim cəsarət edib bunlara bir söz deyə bilər.Bir müddət keçsin ,idarədən silib su qiymətinə özəlləşdirəcək idarəyə isə daha bahalısın gətirəcək.Qoy olmasın 1400 barel neft ölkə daılmayacaq ki.

Veteran 2019-01-27 09:50:56

Elbette acinacaqlidir amma mewedi Ibadin sozu olmasin bir o qeder de yox! Cunki bugune kimi memurlar ele pullar yeyib-talayib ki...Uzaga getmek lazim deyil, vaxtile pulun pul vaxtinda Oguz-Qebele-Baki su kemerinin 1 milyard dollara bawa gelmesi ve yaxud 14 kilometlik aeroport yolunun 15 milyon dollara tikilmesi adami ele teeccublendirmiwdi ki bu gun komite sedrinin 180 min manata xidmeti mawin almasi muqaisede deryada bir damladir!

oxucu 2019-01-27 09:50:56

Adam oxuduqca belə məqalələri başından tüstü çıxır.

azeri 2019-01-27 09:50:56

Pul yuyan geyri-ganuni bank funksiyasini yerine yetirir/Gacgin yada salan var?Olkede xirdadan tutmush iriye geder butun memur komandasi.... Onlara xususi hakimiyyet gaygisi var.Damda ise onlari ifshaedenler,haggini teleb edenler yatirlar.

teymur 2019-01-27 09:50:56

O MAŞİNLARİN PULUNA NƏ QƏDƏR ƏSİR AZAD ETMƏK OLAR

Səlim 2019-01-27 09:50:56

https://www.youtube.com/watch?v=dsOSHzOiJZ4

GM 2019-01-27 09:50:56

Görmədim ki,qaçqın olan birisi Rusiya səfirliyi qarşısında piket keçirdə.Babasının yurdunu tələb eliyə.İllərdir ``çörək pulu``,yardım almağı qəbul edənlərin Sədri də 180000 manatlıq maşında gəzməyə üstünlük verər.Azərbaycanda qaçqınkom da, müxalifət də instutlaşıb və iş yerinə çevirilib

Əli Əhmədova 2019-01-27 09:50:56

Belə halar sahibsiz ökədə mümkündür.Kimin ağlına nə gəlsə,icazəsiz,filan lükslərə sahib olur.Baxan yox.nə üçün sualını verən yox.YAP-çıdırsa ondan sorğu edilmlr.Onlara özbaşınalıq yazılıb.Bəs Əli Əhmədov hara baxır?Bu ölkə təkcə onlardanmı ibarətdir.Bu özbaşınalığa nə zaman son qoyulacaq? Bu özbaşınalığı,qanunsuzluğu da müxalifətmi edir?
Məmurlar bir dönüb özünüzə də baxın.görün nə edirsiniz və niyə edirsiniz? AZərbaycan Sizin üçün bostandır?

Sahib 2019-01-27 09:50:56

hər millət necədirsə onu elə də idarə edirlər.

alı 2019-01-27 09:50:56

Sag ol AZPOLİTİKA. Bəs deyirlər şərhləri vermirsiz?!

Kamil 2019-01-27 09:50:56

HÖRMƏTIİ ÇOX SEVDİYİM AZPOLİTİKA MƏNİ ÜZÜRLÜ HESAB EDİN BİR MƏSƏL ÇƏKƏCƏM. TALANŞILARIN BU HƏRƏKƏTLƏRİ MƏN QOCA KİŞİYƏM MƏNİ YANDIRIB TÖKDÜ.

NƏ VECLƏRİNƏDİR "AT ÖZGƏNİN .....".

VERMƏSƏNİZ DƏ, İXTİSARLA VERSƏNİZ DƏ QƏBULDUR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol