Avqustun 18-də bir sıra internet portallarında İsmayıl Ömərovun qızının və kürəkəninin işdən uzaqlaşdırılması barədə informasiya yayımlanıb.
Bu barədə İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a açıqlama verilib. “İsmayıl Ömərovun qızı Könül Səmədova hazırda İTV-nin London bürosunda müxbir vəzifəsində çalışır. Bir neçə aydır ki, analıq məzuniyyətindədir. Onun həyat yoldaşı Ruzi Səmədov isə başqa işə keçməsi ilə bağlı öz ərizəsi əsasında bir il əvvəl İTV-ni tərk edib".
İTV-dən onu da bildiriblər ki, hazırda bu kanalın İngiltərə və Fransada, habelə Türkiyədə, Orta Asiyada və Gürcüstanda xüsusi müxbir məntəqələri fəaliyyət göstərir. “Bu məntəqələrin bağlanması və İsmayıl Ömərova yaxın olan əməkdaşların işdən azad olunması barədə irəli sürülən iddialar həqiqətə uyğun deyil”.
İsmayıl Ömərov ANS PRESS-ə açıqlamasında bu məsələnin bir il öncə baş verdiyini və nə səbəbə indi gündəmə gəldiyini anlamadığını deyərək bunları bildirib:
"Başa düşürəm, havalar indi yaman istidir. Ola bilər, bunu yazan jurnalisti gün vurub, beynində qıcqırma olub. Məsləhət görürəm, həkimə müraciət eləsin”.


Şərhlər