Avrasiya İttifaqı ölkələrinin prezidentlərinin Minskdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşü ərəfəsində rəsmi Kiyev Rusiya ilə sərhəddə onlarla rus desantçısının zərərsizləşdirildiyini, onlardan bir qrupunun əsir götürüldüyünü bəyan edib.
Virtualaz.org xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik Xidməti desantçıların silahları və sənədləri ilə birlikdə ələ keçdiyini açıqlayıb. Ancaq hələlik bu barədə heç bir sübut təqdim edilməyib.
Açıqlamada deyilir ki, Donetsk vilayətində antiterror qüvvələri Rusiya diversantlarının bir qrupunu zərərsizləşdirib. Açıqlamadan belə çıxır ki, zərərsizləşdirmə deyəndə qrup üzvlərinin ələ keçirilməsi nəzərdə tutulur. Bildirilir ki, Rusitanın hava-desant qoşunlarının Svir diviziyasının 331-ci polkunun 10 hərbçisi əsir götürülüb. Əsirlər bildiriblər ki, onları ötən şənbə günü dəmir yoluyla Rostov vilayətinə dislokasiya ediblər. Gecə saat 3 radələrində desantçılar həyacan siqnalı ilə ayağa qaldırılıb və hərbçilərə onlarla BMD-dən (desantın döyüş maşını) ibarət kalonun tərkibində yürüş əmri verilib.
Desantçıların komandirlərinə kalonun Ukrayna ərazisinə girəcəyi barədə bildirilib, ancaq sıravi əsgərlərə bu haqda heç nə deyilməyib. Desantçıların bildirdiyinə görə onların valideyinləri övladlarının Dağıstanda xidmət etdiyini düşünür.
Ukrayna mənbələri xəbər verir ki, hərbi kalon Rusiya bayraqları altında Ukraynaya daxil olub. Onlara Donetsk ətrafında öldürülən rus hərbçilərinin və muzdluların cəsədlərini, habelə yaralıları Rusiya ərazisinə çıxarmaq üçün “təhlükəsiz dəhliz” yaratmaq əmri verilib. Kiyevdəki mənbə bildirib ki, həmin kalonda Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı Salman da olub.


Şərhlər